Azərbaycan suverenliyinin bərpası – tarixi dönüş nöqtəsi

Baş səhifə

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlət qurmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycan xalqı da tarix boyu müstəqillik amalını öz milli kimliyinin əsası hesab etmiş, azadlıq uğrunda yorulmadan mübarizə aparmışdır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi işğal, faciə və məhrumiyyətlər xalqımızın iradəsini sarsıda bilməmiş, əksinə, müstəqillik və dövlətçilik ideyaları daha da güclənmişdir.1990-cı illərin əvvəllərində müstəqilliyimizi yenidən qazandıqdan sonra Azərbaycan dövlətinin mövcudluğu böyük təhlükələr qarşısında idi. Ulu Öndər Heydər Əliyevin qətiyyətli qayıdışı ölkəni parçalanmadan, dağılmaqdan xilas etdi.

Onun dövlətçilik təməlini qoyduğu strategiya bu gün də Azərbaycanı uğurlara aparan yolun əsas dayağıdır.Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi xətt uğurla davam etdirildi. Dövlətimiz gücləndi, iqtisadi imkanlarımız artdı, ordu quruculuğunda fundamental dəyişikliklər baş verdi. Ölkəmizin beynəlxalq nüfuzu yüksəldi və Azərbaycan öz milli maraqlarını təmin edə biləcək güclü dövlətə çevrildi. Bu siyasətin nəticəsi kimi 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi xalqımızın şanlı qəhrəmanlıq səhifəsinə çevrildi. Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, tarixi ədalət zəfər çaldı.Lakin mübarizə bununla bitmədi. İşğaldan azad edilmiş torpaqlarda separatizmin tamamilə aradan qaldırılması üçün qəti addımlar atılmalı idi. 2023-cü ilin 20 sentyabrında qəhrəman Azərbaycan Ordusu lokal antiterror tədbirləri ilə separatçı silahlı birləşmələrin fəaliyyətinə birdəfəlik son qoydu.

Cəmi bir gündən az davam edən əməliyyat nəticəsində Qarabağda qanunsuz hərbi strukturlar məhv edildi, dövlətin tam suverenliyi bərpa olundu. Prezident İlham Əliyevin həmin tarixi günlərdə səsləndirdiyi sözlər bu qələbənin mahiyyətini açıq şəkildə ifadə edir: “Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”Bu qələbə yalnız hərbi əməliyyatın uğurla nəticələnməsi deyil, həm də Azərbaycanın yeni reallıqlar yaratmaq bacarığının göstəricisidir. Artıq ölkəmizin sərhədləri daxilində ikinci bir güc yoxdur, heç bir separatçı qüvvə fəaliyyət göstərmir, dövlət hakimiyyəti bütün ərazilərdə bərqərar olub. Bununla Azərbaycan xalqı yüz illərlə arzuladığı milli birliyə nail oldu, suverenliyi tam bərpa edildi, milli qüruru daha da yüksəldi.Bu hadisə həm də beynəlxalq münasibətlər müstəvisində mühüm nəticələrə gətirib çıxardı. Azərbaycanın qətiyyətli mövqeyi bir daha təsdiqlədi ki, beynəlxalq hüququn prinsipləri yalnız güclü dövlətlər tərəfindən həyata keçirilə bilir. Azərbaycan öz iradəsi və gücü ilə həm ədaləti, həm də beynəlxalq hüququ bərpa etdi. Cənubi Qafqazda yeni reallıqlar yarandı, Azərbaycan regionda sabitlik və əməkdaşlığın əsas təşəbbüskarına çevrildi.Suverenliyin bərpası həm də gənc nəsillər üçün böyük bir örnəkdir. Bu gün Qarabağda açılan universitetlər, məktəblər, mədəniyyət ocaqları artıq azad və suveren dövlətin nəzarəti altında fəaliyyət göstərir. Gənclərimiz doğma yurdlarında, azad torpaqlarda təhsil alır, inkişaf edir, gələcəyin qurucuları kimi yetişirlər. Prezident İlham Əliyevin Qarabağ Universitetində dediyi kimi: “Bu gün tələbələr, gənclər artıq azad edilmiş torpaqlarda oxuyur, işləyir və gələcəklərini qururlar. Bu, xalqımızın qələbəsinin ən böyük bəhrəsidir.”Bir sözlə, 20 sentyabr 2023-cü il Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu gün dövlətimizin gücünü, xalqımızın birliyini, milli iradəmizin sarsılmazlığını nümayiş etdirir. Azərbaycan bir daha sübut etdi ki, öz haqqını qorumağa, öz gələcəyini müəyyən etməyə qadirdir.

Cavid Səmədli, Salyan rayonu, gənc YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir