Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyasını 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Prezident cənab İlham Əliyevin beynəlxalq münasibətlər sisteminə fundamental yanaşması, strateji baxışı və çox dəqiqliklə həyata keçirdiyi balanslaşdırılmış siyasət kursu Azərbaycanı Avropanın etibarlı və alternativ enerji qaynağına çevirib. Azərbaycan 2022-ci ildə Avropa ölkələrinə mavi qaz ixracatını ən çox artıran ölkədir. 2022-ci ilin birinci yarısında Azərbaycan Avropa dövlətlərinə qaz ixracatını əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 68.7 faiz artıraraq 3.2 milyard kubmetrdən 5.4 milyard kubmetrə çatdırıb. Avropa İttifaqının regional güc, eyni zamanda köhnə qitənin enerji təhlükəsizliyi baxımından mühüm qaynaq kimi baxdığı Azərbaycanın qlobal miqyaslı təşəbbüsləri, dəstəklənən etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu artırması çox sevindiricidir.
Azərbaycanın enerji strategiyası nəhəng qaz yataqlarının işlənməsidir və artıq ölkəmizin təsdiqlənmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Son dövrdə isə Azərbaycana 10-dan çox ölkədən – Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra təbii qaz məsələsi Avropanın gündəliyində duran əsas məsələlərdən birinə çevrilib. Azərbaycan Avropa üçün yeni “mavi yanacaq” təchizatı mənbəyidir. Respublikamız ehtiyatlarla zəngin olan “Şahdəniz”dən hasil edilən “mavi yanacağ”ı Avropaya daşıyan Cənub Qaz Dəhlizinin inşasına nail olub. Bu dəhliz Xəzər sahillərindən 3500 kilometr məsafədə uzanaraq Avropanın mərkəzi ölkələrinədək çatır. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəmərinin (TAP) inşası tamamlandı. Beləliklə, respublikamız 2021-ci ilin əvvəlindən etibarən yeni dəhliz vasitəsilə tarixdə ilk dəfə Avropaya qaz nəqlinə start verdi. Ötən il Avropa bu marşrutla Azərbaycandan 8 milyard kubmetrdən çox “mavi yanacaq” aldı. Cari ilin yanvar-aprel aylarında isə respublikamızdan ixraca 7,6 milyard kubmetr “mavi yanacaq” yönəldilib.
Azərbaycan Avropanın böyük həcmlərdə “mavi yanacaq” tədarükü istəyini qarşlamaq üçün geniş imkanlara malik olan ölkədir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının potensialı 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat həcmində dəyərləndirilir. Hazırda dünyada “mavi yanacağ”a artan tələbat nəzərə alınmaqla “Şahdəniz” yatağının istismarı genişləndirilir. Paralel şəkildə, “Ümid”, “Babək”, “Abşeron” yataqlarının da istismara hazırlanması intensiv şəkildə davam etdirilir. Tələbatın artması ixrac həcmlərinin artması anlamına gəlir. Ötən il Azərbaycanın ümumi “mavi yanacaq” ixracının həcmi 22 milyard kubmetr səviyyəsində olub. Cari ildə bu rəqəmin 24 milyard kubmetrə çatacağı gözlənilir. Perspektivdə isə ixrac həcmləri daha da artacaq.
Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi siyasət sayəsində müstəqil Azərbaycanın regional və qlobal miqyasda ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində rolu əhəmiyyətli dərəcədə artıb. Əlamətdar haldır ki, son illər ərzində görülən işlər sayəsində ölkəmizin neft-qaz sənayesinin inkişafı keyfiyyətcə yeni mərhələyə yüksəlib. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirib. Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi qismində çıxış edir. Azərbaycanın özünü Avropanın etibarlı “mavi yanacaq” təchizatçısı kimi təsdiqlənməsi, istehlakçıların inamını qazanması Prezident İlham Əliyevin müstəsna xidmətlərinin, onun konkret hədəflərə çatmağa hesablanan məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.
Azərbaycanın Avropa İttifaqı və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən-günə artır və Azərbaycanın enerji diplomatiyasındakı uğurları iqtisadi imkanlarımızın genişlənməsində də əhəmiyyətli rol oynayır. Prezident cənab İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstanda rəsmi səfəri zamanı çıxışında qeyd etdiyi kimi: “Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Azərbaycan qazı artıq Bolqarıstandadır. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Azərbaycan əlindən gələni edir ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin.”
Prezident cənab İlham Əliyev bu gün dünya liderləri sırasında uğurlu siyasəti və qətiyyəti ilə ölkəsini yüksək səviyyədə təmsil edir. Hazırda Azərbaycan özünün siyasi və iqtisadi baxımdan yüksəliş dövrünü yaşayır. Tarixə dövlətçiliyimizin qızıl dövrü kimi düşəcək bu yüksəlişin müəllifi Prezident cənab İlham Əliyev və ona bu gücü verən Azərbaycan xalqıdır.
Məsabə Abasov,
Salyan rayon Yenikənd bələdiyyəsinin sədri
