Azərbaycan və Qazaxıstan TransXəzər nəqliyyat dəhlizi sayəsində Asiya və Avropa arasında vacib nəqliyyat hablarına çevrilir

Baş səhifə

Azərbaycan və Qazaxıstanı ümumi tarix, din, dil, gələcəyə istiqamətlənmiş qarşılıqlı faydalı əməkdaşlıq strategiyası ilə yanaşı, Xəzər hövzəsi regionu da birləşdirir. Böyük enerji ehtiyatları olan hər iki qardaş ölkə oxşar iqtisadi maraqlara malikdir və buna görə də, mühüm siyasi və iqtisadi platformalarda rəqib ölkələr kimi deyil, müttəfiq dövlətlər kimi çıxış edirlər. Tərəflər iqtisadi, enerji, investisiya, kənd təsərrüfatı, mədəni və ümumilikdə humanitar sahələrdə əməkdaşlıq üçün mövcud olan bütun imkanlardan yararlanmaqla nümunə sayılacaq bir birlik nümayiş etdirirlər.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri və imzalanmış sənədlər belə deməyə əsas verir ki, hər iki ölkə münasibətlərdəki hazırkı inkişaf tempini daha da yüksəltməkdə və mövcud potensialdan maksimum yararlanmaqda israrlıdırlar.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan əlaqələrinin möhkəmlənməsi istiqamətində ilk addımı Ulu öndər Heydər Əliyev atıb və bu da sonrakı dövrlərdə iki qardaş xalq arasında münasibətlərin inkişafında müstəsna rol oynayıb. Bu siyasətin nəticəsi olaraq hər iki ölkə bu gün regional inteqrasiya və təhlükəsizliyin arxitekturasını müəyyən edir, qlobal uğura töhfəsini verir. Bununla yanaşı, hər iki ölkə regionda əsas inteqrator rolunda çıxış edir, yüklərin Çindən Avropaya və geriyə daşınmasında uğurlu fəaliyyət göstərirlər. TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində sıx qarşılıqlı, faydalı əlaqələr bunun sübutudur. Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının Abşeron stansiyasına gəlməsi iqtisadi nailiyyət kimi tarixə yazıldı. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bu hadisə TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsinin, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir.

Hazırda dünyada müşahidə edilən kataklizmlər, xüsusilə də Yaxın Şərqdə, Qırmızı dənizdə baş verənlər, Rusiya-Ukrayna müharibəsinin uzanması regionda və qlobal miqyasda ölkələri, daşıma şirkətlərini alternativ nəqliyyat-logistika marşrutları axtarmaq məcburiyyətində qoyub. Daha təhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutların önəmi heç vaxt olmadığı qədər artıb. Belə heç də adi olmayan bir şəraitdə nəzərlər həm də Azərbaycanın və Qazaxıstanın mühüm iştirakçılar olduqları Orta Dəhlizə – TransXəzər marşrutuna  yönəlib. Ölkələr və şirkətlər müxtəlif istiqamətlərdə yüklərin məhz bu dəhliz üzərindən daşınmasına üstünlük verirlər.

Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur. Bu dəhliz hazırda özündə 9 ölkəni birləşdirir. Dəhlizin nəqliyyat imkanlarından isə 15 ölkənin yükdaşıma şirkətləri istifadə edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca 60-a yaxın ölkə yerləşir. Həmin coğrafiyada ümumilikdə  4,5 milyard insan yaşayır. Bu dəhliz təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır.

Bu, bir həqiqətdir ki, qonşularla yaxşı münasibət olmadan tranzit ölkə funksiyasını daşımaq mümkün deyil. Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Məhz belə bir ardıcıl xarici siyasət kursunun məntiqi nəticəsidir ki, respublikamız 30 illik müstəqillik tarixində işğalçı Ermənistan istisna olmaqla bütün qonşularla yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər bütövlükdə Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun inkişafını, burada sağlam əməkdaşlıq konfiqurasiyasının formalaşmasını hədəfləyir. İndiyədək Azərbaycanın moderatorluğu ilə reallaşdırılan bir sıra enerji və nəqliyyat layihələri ölkəmizin mənafeyinə xidmət etməklə yanaşı, həm də regional və qlobal əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə uğurla baş tutan dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında da həm Qazaxıstanın, həm də Azərbaycanın regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirdiklərini bildirib. Azərbaycan və Qazaxıstan Orta Dəhlizdə Xəzər dənizi vasitəsi ilə birləşirlər. Burada unikal sututar olan Xəzər ayırıcı yox, birləşdirici rol oynayır. Bu amilə diqqət çəkən Prezident İlham Əliyev “Bizi təkcə Xəzər dənizi ayırır. Amma bu gün o da əngəl deyil, əksinə, Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır”, – deyə vurğulayıb.

Məhərrəm Piriyev,

YAP Salyan rayon təşkilatının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir