Müstəqil Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsasını insan amilinə söykənən siyasi düşüncə təşkil edir. Bu yanaşmanın ideoloji təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Ulu Öndər hakimiyyətə qayıdışından sonra ölkədə dərin siyasi, iqtisadi və sosial böhran şəraitində ilk növbədə vətəndaşın taleyini, xalqın sabahını düşünən qətiyyətli qərarlar qəbul etmişdir. Onun siyasi iradəsi nəticəsində Azərbaycan parçalanma təhlükəsindən xilas edilmiş, ictimai-siyasi sabitlik bərpa olunmuş və dövlət–vətəndaş münasibətləri sağlam əsaslar üzərində qurulmuşdur. Heydər Əliyev üçün dövlət anlayışı formal idarəetmə mexanizmi deyil, xalqın rifahına, təhlükəsizliyinə və gələcəyinə xidmət edən canlı sistem idi.
Ulu Öndərin müəyyənləşdirdiyi “dövlət xalq üçündür” prinsipi sonrakı bütün inkişaf mərhələlərinin ideoloji xəritəsinə çevrilmişdir. Onun rəhbərliyi ilə qəbul edilən Konstitusiya və formalaşdırılan hüquqi dövlət institutu vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına zəmin yaratmışdır. Sosial ədalət, milli həmrəylik, vətəndaşın ləyaqətinin qorunması Heydər Əliyev siyasi məktəbinin əsas sütunları kimi bu gün də aktuallığını qoruyur.
Bu möhkəm ideoloji və siyasi təməl üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsi formalaşdırmışdır. Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri onun fəaliyyətinin ana xəttini təşkil edir. Bu prinsip əsasında həyata keçirilən islahatlar nəticəsində dövlət idarəçiliyi sistemi müasirləşdirilmiş, sosial-iqtisadi siyasət vətəndaş yönümlü məzmun kəsb etmişdir. Prezidentin rəhbərliyi ilə qəbul olunan qərarların hər birində insanın rifahı, sosial təhlükəsizliyi və layiqli yaşam hüququ əsas meyar kimi çıxış edir.
Son illər həyata keçirilən genişmiqyaslı sosial islahatlar Prezident İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının real təzahürüdür. Əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin ardıcıl şəkildə artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyi sosial ədalətin təmin edilməsinə yönəlmiş məqsədyönlü siyasətin nəticəsidir. Bu tədbirlər vətəndaşların dövlətə inamını möhkəmləndirmiş, cəmiyyətlə hakimiyyət arasında etibarlı münasibətlər formalaşdırmışdır.
Prezident İlham Əliyevin siyasətində insan amili təkcə sosial təminat müstəvisində deyil, eyni zamanda strateji inkişaf kontekstində də əsas yer tutur. Təhsil və səhiyyə sahələrində aparılan islahatlar, müasir məktəb və tibb müəssisələrinin tikintisi, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ölkənin intellektual və sosial potensialının gücləndirilməsinə xidmət edir. Xüsusilə regionlarda həyata keçirilən infrastruktur layihələri və yeni iş yerlərinin yaradılması vətəndaşların sosial rifahının yüksəldilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyevin müəyyən etdiyi uzunmüddətli inkişaf strategiyası növbəti mərhələdə Azərbaycanın “qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə çevrilməsini əsas hədəf kimi qarşıya qoyur. Bu məqsədə nail olmaq üçün mövcud sosial-iqtisadi modelin məzmunu və strukturu əhəmiyyətli dərəcədə yenilənir. Yeni inkişaf mərhələsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, rəqəmsal idarəetmənin gücləndirilməsi və insan kapitalına investisiyaların artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir. Bu modelin mərkəzində isə yenə də bilikli, sağlam, sosial cəhətdən təmin olunmuş Azərbaycan vətəndaşı dayanır.
Vətən müharibəsində əldə olunan tarixi Qələbə və postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq işləri Prezident İlham Əliyevin vətəndaş yönümlü siyasətinin strateji nəticələrini nümayiş etdirmişdir. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir sosial infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı dövlətin vətəndaş qarşısında götürdüyü öhdəliklərin ardıcıl icrasının bariz nümunəsidir. Bu proseslər təkcə ərazilərin bərpası deyil, həm də yüksək rifah cəmiyyətinin real əsaslar üzərində qurulması deməkdir.
Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən qaynaqlanan və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun qazanan dövlət siyasətinin əsas mahiyyəti dəyişməz olaraq qalır: güclü, müasir və suveren Azərbaycan dövləti vətəndaşın rifahına, təhlükəsizliyinə və davamlı inkişafına xidmət edir. Aparılan dərin struktur islahatları, sosial-iqtisadi modelin yenilənməsi və strateji hədəflər bir daha təsdiqləyir ki, bu gün də, gələcəkdə də Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq.
Könül Qəfərova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı
