2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. O günlərdə dövlət və xalq vahid amal uğrunda birləşərək, illərdir həsrətində olduğumuz torpaqları azad etdi, işğalın sonunu gətirdi. Xalqın sarsılmaz iradəsi, ordumuzun qəhrəmanlığı və dövlətimizin güclü liderliyi nəticəsində düşmən diz çökdü və kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Bu, təkcə hərbi-siyasi qələbə deyil, həm də xalqın bir yumruq kimi birləşməsinin, milli həmrəyliyin və dövlət-xalq birliyinin təntənəsi idi.Məhz bu böyük zəfərin nəticəsində doğma yurda qayıdış imkanı yarandı. Uzun illərin həsrətindən sonra Kəlbəcərə dönüş artıq reallıqdır. Avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri və burada sakinlərlə görüşü bu qayıdışın həm rəmzi, həm də praktik təcəssümü oldu. Prezidentin vurğuladığı kimi, “biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik.” Bu sözlər təkcə bir bölgənin deyil, bütövlükdə Azərbaycanın tarixi ədalət uğrunda mübarizəsinin nəticəsini ifadə edir. Kəlbəcər yalnız işğaldan azad olunmuş torpaq deyil, həm də azadlıqdan quruculuğa uzanan yolun canlı nümunəsidir.Müharibədən sonrakı mərhələdə regionda sülhün təmin olunması və sabitliyin möhkəmlənməsi də Azərbaycanın siyasi iradəsi ilə mümkün oldu. Bu prosesdə ölkəmiz hər zaman təşəbbüskar mövqedə oldu, irəli sürdüyü təkliflər sülh gündəliyinin əsasını təşkil etdi. Ermənistanla bağlanacaq müqavilənin şərtləri də məhz Azərbaycanın prinsipial mövqeyinə əsaslandı. Bu, dövlətimizin yalnız hərbi meydanda deyil, diplomatik müstəvidə də qətiyyətli və qalib tərəf olduğunu sübut etdi. Azərbaycanın yaratdığı yeni reallıqlar regionun gələcəyinə istiqamət verən yeganə yol xəritəsinə çevrildi.Azərbaycan artıq regionda ləyaqətli və güclü dövlət kimi qəbul olunur. Prezidentin də dediyi kimi, biz heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Çünki bu gün Azərbaycan gücünü həm xalqının birliyindən, həm də qalib dövlət statusundan alır. Ölkəmizin söz sahibi olması, istənilən təxribatın qarşısını dərhal almaq iqtidarında olması artıq bütün dünyaya bəllidir.Bu gün dünya birliyi də Azərbaycanın qələbəsini və ortaya çıxan yeni geosiyasi reallıqları qəbul etmişdir. Bütün beynəlxalq münasibətlər sistemi göstərir ki, Azərbaycanın mövqeyi ədalətə, beynəlxalq hüquqa və sülhə əsaslanır. Regionda güc balansı dəyişib, Azərbaycanın sözü həlledici məna kəsb edib. Bu da özlüyündə tarixi hadisədir, çünki uzun illər beynəlxalq təşkilatların kağız üzərində qalan qərarları əməldə həyata keçirilməmişdi, lakin Azərbaycan xalqı öz gücü ilə bu ədaləti bərpa etdi və indi həmin həqiqət bütün dünyada qəbul olunub.Prezidentin Kəlbəcərə səfəri zamanı diqqət çəkilən əsas məqamlardan biri də şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləridir. Artıq yeni yaşayış kompleksləri istifadəyə verilir, məktəblər, sosial və mədəniyyət obyektləri inşa olunur. Yollar, kommunikasiya xətləri, müasir infrastruktur Kəlbəcərin simasını dəyişir. Prezidentin sözləri ilə desək, “Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.” Tezliklə minlərlə sakin doğma yurduna dönəcək, şəhər yenidən həyatla dolacaq. Kəlbəcərin təkcə Azərbaycanın deyil, dünyanın ən gözəl və müasir şəhərlərindən birinə çevrilməsi istiqamətində böyük addımlar atılır.Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz birliyi, dövlətin güclü iradəsi və uzaqgörən siyasəti sayəsində həm tarixi ədaləti bərpa edib, həm də gələcəyə hesablanan möhkəm təməllər atıb. Bu gün Kəlbəcərdə açılan hər bir qapı, işıq saçan hər bir ocaq, ucalan hər bir bina 44 günlük zəfərin davamı, xalqın fədakarlığının bəhrəsi və gələcək nəsillərə miras qalacaq tarixi hadisədir. Qələbədən doğan birlik indi Kəlbəcərin və bütövlükdə Qarabağın dirçəlişini təmin edən əsas hərəkətverici qüvvəyə çevrilib.
İlkin Kərimov,Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktor müavini, YAP fəalı
