Kubra Məhərrəmova yazır…
Əvvəla ondan başlayaq ki, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilir ki, (Maddə 37. İstirahət hüququ. I.) hər kəsin istirahət hüququ var.
Ölkəmiz dünyəvi ölkə olduğundan bizim həyatımız da ölkənin qanunları ilə tənzimlənir.
Konstitusiyamıza görə hər bir vətəndaşın istirahət, əyləncə haqqı var və hər kəsin də seçimi azaddır. Biri parkda gəzir, biri balıq tutmağa gedir, kimsə də gecə klubuna gedir. Qeyd edim ki, sadaladığım hər üç əyləncə vasitəsinin heç biri qeyri-qanuni deyil. Bu belə.
İkinci məsələ isə odur ki, artıq həftələrdir ictimaiyyət heç cür nifrətini püskürüb qurtara bilmir. Qarğış-nifrət, təhqir göylə gedir. Nədir-nədir kimlərsə gecə klubuna gedib. Guya əvvəllər heç kim getmirdi və bundan sonra da heç kim getməyəcək.
Bu gedən adamlar isə dünyanın ən qatı cinayətkarı, korrupsioner məmurları, narkobaronları, böyük miqyasda dələduzluq edənləri imiş, üstəgəl dövlətə qarşı çevriliş ediblərmiş. Onları zərərsizləşdirmək üçün “qaz balonu” özünü partladıb və günahkarları cəzalandırıb.
Azərbaycan xalqının böyük əksəriyyətinin əsas arqumenti də budur ki, Ramazan ayında kluba gedənləri Allah cəzalandırıb. Yaxşı olub ölüblər. Yaxşı qız kluba getməz.
Qeyd edim ki, aprelin 3-də Bakının mərkəzində yerləşən gecə klublarının birində partlayış baş verib. Partlayış nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər hadisə yerində vəfat edib. Daha sonra xəsarət alan üç nəfər aparılan müalicələrə baxmayaraq həyatını itirib. Ümumilikdə həyatını itirənlərdən üçü, klubun əməkdaşları – xadimə, ofisiant, aşpaz işləyən qadın, biri isə 23 yaşlı xanım olub. Hələ ki, bu məsələ ilə bağlı cinayət işi aparıldığı üçün yekun nəticə yoxdur. Axırda elə “qaz balonu” günahkar çıxacaq deyəsən.
Baş verən hadisəyə görə xalqımızın nümayəndələri böyük qınaq, söyüş, təhqir kampaniyasına başladı. Birdən elə bilərsiniz, müvafiq dövlət qurumlarına və ya məsul şəxslərə qarşı qınaq ediblər.
Qətiyyən yox, qınağa 3 xanım məruz qaldı. İkisi yaralı vəziyyətdə hələ də xəstəxanada müalicə alan xanım və aldığı yanıq xəsarətləri üzündən 23 yaşından həyatını itirən Fərqanə.
Sən demə bizim xalqın rifahını, sosial problemlərini bu qızlar yaradıbmış, təhsil və səhiyyədə yaşadığımız problemlərin səbəbi də elə bu üç qızdır. Bu qızlar ölkəni bərbad günə qoyublar.
Əslində təhqir yazanların çoxu elə həmin qızların “Instagram” səhifəsində gecə-gündüz yatanlardır. Onlar kimi yaşamaq, geyinib-kecinmək, onlar kimi qəşəng olmaq istəyənlərdir. Di gəl ki, bacarmırlar, alınmır. Ona görə də başlayırlar linç etməyə.
Amma bir müddət əvvəl yeni doğulan körpəsini qəsdən öldürən və meyitini zibilliyə atan ananı heç kim linç eləmədi.
Belə ki, martın 31-də Nizami rayonu, Qara Qarayev prospekti, 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.
Bu qadına heç kim demədi ki, körpəni öldürmək günahdır. Bu da bir daha sübut edir ki, camaatın fikri-zikri elə kiminsə qısa ətəyindədir, insanları mənəviyyat və günah maraqlandırmır.
Yekunda belə anladıq ki, bizim insanların ən böyük arzusu odur ki, Azərbaycanda bütün gecə klublarını bağlansın.
Heç bir qadın-qız küçəyə çıxmasın. Təhsil almasın. Nəinki ali məktəbə, heç orta məktəbə də getməsin. Necə ki, bir sıra rayonlarda 14 yaşında qız uşaqları təhsildən yayındırılaraq erkən nikaha məcbur edilirlər.
Növbəti bənd, bütün qız-qadınlar hər axşam evdə olan bütün kişilərin ayaqlarını yusun. Qul olsunlar, lal olsunlar, səsləri gəlməsin. Evin işini görüb, uşaq böyütsünlər.
Həyatda heç bir məqsədləri olması. Yeganə məqsəd ərə getmək, ərə qulluq etmək olsun. Mütləq də ərdən oğlan doğsun.
Məntiqlə Azərbaycanda baş verən bütün problemlərin səbəbi qadın olduğu üçün Azərbaycanda ümumiyyətlə qadın olmasın. Kişilər özləri bir-biriylə ailə qursun, namus-qeyrət söhbəti bitsin.
Onsuz da uzun illərdir selektiv abortlar üzrə dünyada ikinci yeri israrla əlimizdə saxlamışıq. Cəmiyyətin çoxuna görə ananın bətnindəki körpəni qız olduğuna görə tələf etmək günah deyil, amma kluba getmək günahdır. Qısa ətək geyinmək günahdır.
Əgər həqiqətən də Allaha inanırsınızsa bir gün qınadığınz, şərlədiyiniz, haqqına girdiyiniz, haqqında qeybət etdiyiniz, sonunda abort etdirdiyiniz bütün qızlar sizin yaxanızdan yapışacaq. Hətta bundan əminəm. Çünki mən Allaha sizdən daha çox inanıram.
www.102info.az
