Azərbaycanda iki illik fasilədən sonra keçiriləcək yarışın Təşkilat Komitəsinin üzvləri bilindi – FOTO

İdman

İki illik aradan sonra keçiriləcək kikboksinq üzrə Respublika çempionatının Təşkilat Komitəsi müəyyənləşib.

Oxu.Az-ın xəbərinə görə, Təşkilat Komitəsinin sədri Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev olub. Həmçinin Təşkilat Komitəsinə I vitse-prezident Ramal Aslanov, AKF-nin İdarə Heyətinin üzvləri – Eduard Məmmədov, Müşfiq Məmmədov, əsas millimizin baş məşqçisi Elşən Abdulrəhimov, “full kontakt” üzrə yığma komandanın böyük məşqçisi Telman Məhərrəmov, yeniyetmə və gənclərdən ibarət millimizin baş məşqçisi Hikmət Hacıyev, Hakimlər Kollegiyasının sədri Fəxrəddin Quliyev və onun müavinləri Aydın Ağabəyovla Anar Məmmədov üzv seçiliblər.

Onlar XXVI Respublika çempionatında WAKO qaydalarının əsas götürülməsi və yarış reqlamentinin buna uyğun təşkili haqda müzakirə aparıblar. Qərara alınıb ki, bu yarışda kikboksinqin hansısa (“Lou kik”, “full kontakt”, “point faytinq”) növündə çıxış edib fərqlənən idmançı həmçinin İslam Həmrəylik Oyunları zamanı da o növ üzrə mübarizə aparsın.

Qeyd edək ki, Respublika çempionatı 20-22 may tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək. Bu yarışda fərqlənənlər Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunları üçün yığma komandanın heyətini müəyyənləşdirəcək.

Tədbirin sonunda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev qurumun mətbuat katibi Səbuhi Musayevə iş vəsiqəsini təqdim edərək ona yeni işində uğurlar arzulayıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir