Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələr ölkənin xarici siyasət prioritetlərinin açıqlanması, milli maraqların beynəlxalq ictimaiyyətə çatdırılması və regiondakı geosiyasi proseslərə təsir imkanlarının nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, dövlət başçısının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi təkcə Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsini deyil, həm də Cənubi Qafqazın regional təhlükəsizlik arxitekturasında formalaşan yeni reallıqları əks etdirir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məsələyə xüsusi diqqət göstərdi. Bildirdi ki, təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir. Çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur. Prezident cənab Əliyev müsahibəsində Ermənistanla otuz ildən artıq davam edən münaqişəyə toxunaraq bildirmişdir ki, 1990-cı illərdə Azərbaycanın ərazilərinin işğalı nəticəsində ölkənin 20 faizi işğal altında qalmış, bir milyon insan qaçqın və məcburi köçkünə çevrilmişdir. 1994-cü il atəşkəsindən sonra danışıqlar prosesi nəticəsiz qalmış və yalnız 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmişdir.Bu mərhələ Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi oldu. Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, müharibə qələbəsi ilə Azərbaycanın həm ədaləti, həm də beynəlxalq hüququ bərpa etməsi regionun siyasi reallıqlarını köklü şəkildə dəyişmişdir. Bununla yanaşı, o, Ermənistanla sülh sazişinin paraflanmasının və qarşılıqlı ərazi bütövlüyünün tanınmasının strateji əhəmiyyətini vurğulamışdır.Müsahibədə ölkə başçısı Azərbaycanın balanslaşdırılmış və şaxələndirilmiş xarici siyasət kursunu da geniş şəkildə təqdim etmişdir. Azərbaycan həm Qərb, həm də Şərq istiqamətində əməkdaşlığa önəm verir, qonşu dövlətlərlə, o cümlədən İran və Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.Prezident cənab İlham Əliyev müsahibəsində Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərinə əsaslanan cəmiyyət modelini xüsusi qeyd etmişdir. Azərbaycanda müxtəlif dini təriqətlər və etnik qruplar arasında birgəyaşayış ənənələrinin qorunması və inkişaf etdirilməsi ölkənin müsəlman dünyasında nüfuzunu artıran əsas faktorlardan biridir. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın İslam dünyasında həmrəyliyin möhkəmlənməsinə töhfəsini vurğulamış, təriqət ayrı-seçkiliyinin təhlükələrinə diqqət çəkmişdir. Bu, Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində apardığı siyasətin davamı kimi beynəlxalq miqyasda da müsbət qarşılanmaqdadır.Prezident İlham Əliyevin Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər, verdiyi mesajlar bir daha Azərbaycanın qalib, qüdrətli, hər zaman qətiyyətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqeyi olan, dünyada nüfuzlu, söz sahibi olan dövlətlərdən biri olduğunun təsdiqidir.
Əli Məmmədov, Salyan rayon ”Asan Xidmət” mərkəzinin əməkdaşı, YAP fəalı
