Azərbaycanın enerji xəritəsində möhkəmlənən mövqeyi və Bakı Enerji Həftəsinin qlobal əhəmiyyəti

Cəmiyyət

Azərbaycan regionun əsas enerji qovşağı kimi mövqeyini gündən-günə daha da möhkəmləndirir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Hər il ənənəvi keçirilən Beynəlxalq Neft və Qaz sərgiləri ölkəmizin ötən müddətdə enerji sektorunda qazandığı uğurların təhlilini zərurətə çevirir. İyunun 2-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində Prezident İlham Əliyevin nitqi, çıxışlarda səsləndirilən fikirlər Azərbaycanın bu gün dünyanın enerji xəritəsində hansı yeniliklərə imza atdığını, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunu ortaya qoyur. Reallıq budur ki, ölkəmiz beynəlxalq səviyyədə etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanıb.

Onu da qeyd edək ki, builki yubiley tədbirində Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, ümumilikdə 39 ölkədən 267 şirkət təmsil olunur. İldən-ilə iştirakçıların say tərkibində artım bir daha onu təsdiqləyir ki, Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək dünyanın ən nüfuzlu platformalarından birinə çevrilib.

Dövlət başçısı çıxışında Azərbaycanın enerji sektorundakı mövcud vəziyyətinə və perspektivlərinə toxunaraq, ölkənin qaz ixracatında əhəmiyyətli artım olduğunu vurğuladı. O bildirdi ki, 2025-ci ildə Azərbaycanın qaz ixracı 24 milyard kubmetrdən çox olacaq və bu qaz səkkiz ölkəyə, o cümlədən altı Avropa ölkəsinə ixrac edilir. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirir.

Prezident İlham Əliyev həmçinin çıxışında qeyd etdi ki, Azərbaycanın enerji strategiyası yalnız karbohidrogen ehtiyatlarının hasilatı və ixracı ilə məhdudlaşmır. Ölkəmiz artıq uzun illərdir ki, enerji sektorunun şaxələndirilməsi, bərpa olunan enerji mənbələrinə keçid və “yaşıl enerji” konsepsiyasının reallaşdırılması istiqamətində ciddi addımlar atır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi bu sahədə aparılan siyasətin bariz nümunəsidir. Günəş, külək və hidroenerji potensialı baxımından zəngin olan bu bölgələr yaxın illərdə həm ölkə daxilində, həm də ixrac üçün böyük həcmdə alternativ enerji istehsal edən mərkəzlərə çevriləcək.

Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatdırılması Azərbaycanın beynəlxalq enerji layihələrinin təşəbbüskarı və icraçısı kimi rolunu bir daha sübut etdi. Bu layihə vasitəsilə Azərbaycan qazı birbaşa Avropa bazarlarına çatdırılmaqla yanaşı, bölgədə geosiyasi sabitliyə və qarşılıqlı asılılığa əsaslanan əməkdaşlıq mühitinə də töhfə verir. Dövlət başçısı çıxışında bu dəhlizin genişləndirilməsi və yeni iştirakçı ölkələrin cəlb olunması üçün aparılan danışıqların uğurla davam etdiyini də diqqətə çatdırdı.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilər və forumlar yalnız texnologiyaların təqdimatı və əməkdaşlıq imkanlarının müzakirəsi ilə məhdudlaşmır. Bu platforma enerji sektorunda yeni tendensiyaların, innovasiyaların, ekoloji məsuliyyətin və qlobal enerji keçidinin əsas prioritetlərinin müəyyənləşdirildiyi beynəlxalq intellektual mərkəzə çevrilib. Enerji sahəsində lider şirkətlər, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər burada gələcək üçün strateji yol xəritələrini müəyyən edir, Azərbaycan isə bu müzakirələrin mərkəzində dayanır.

Nəticə etibarilə, Azərbaycanın enerji siyasəti ölkənin dayanıqlı inkişafına, iqtisadiyyatın qeyri-neft sektorunun gücləndirilməsinə və beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir. Bakı Enerji Həftəsi bu reallıqları əks etdirən nüfuzlu platforma olaraq, Azərbaycanın qlobal enerji xəritəsindəki rolunu daha da möhkəmləndirir və ölkəmizi gələcəyin enerji tərəfdaşı kimi təqdim edir.

Aqil Qurbanov,

Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta ümumtəhsil məktəbin müəllimi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir