Azərbaycanın Orta Asiya ölkələri ilə münasibətləri yeni mərhələdə

Baş səhifə

2025-ci il avqustun 22-də Türkmənistan Respublikasında keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatı iki qardaş ölkə arasında mövcud münasibətlərin dərinliyini və perspektivlərini bir daha nümayiş etdirdi. Bu səfər həm Azərbaycan–Türkmənistan ikitərəfli əməkdaşlığının, həm də Azərbaycan–Türkmənistan–Özbəkistan üçtərəfli formatında qurulan yeni regional tərəfdaşlığın mühüm göstəricisinə çevrildi.Qeyd edək ki, Azərbaycan ilə Türkmənistanı ortaq tarixi, mədəni və dini köklər birləşdirir. İki xalq arasında əsrlərlə formalaşmış dostluq münasibətləri dövlətlərarası əməkdaşlıqda da öz əksini tapır. Prezident İlham Əliyevin Türkmənistana hər bir səfəri bu ənənələri möhkəmləndirir və siyasi dialoqun intensivliyini artırır. Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Azərbaycan Prezidenti İlham Əliyev arasında möhkəm şəxsi dostluq və qarşılıqlı etimad münasibətləri dövlətlərarası əlaqələrin strateji məzmun qazanmasına şərait yaradır.Azərbaycan–Türkmənistan münasibətlərinin əsas istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır. Xəzər dənizində yerləşən zəngin karbohidrogen ehtiyatlarının səmərəli istifadəsi, enerji ixracı marşrutlarının şaxələndirilməsi və beynəlxalq bazarlara çıxış imkanları hər iki ölkənin milli maraqlarına uyğundur. Prezident İlham Əliyev bəyanatında bu əməkdaşlığın perspektivlərini vurğulayaraq qeyd etdi ki, Azərbaycan və Türkmənistan arasında enerji sahəsində qurulan tərəfdaşlıq regional enerji təhlükəsizliyinə mühüm töhfə verir.İki ölkə arasında əməkdaşlığın digər vacib istiqaməti nəqliyyat və tranzit potensialıdır. Azərbaycan və Türkmənistan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm həlqələri kimi çıxış edirlər. Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində müzakirə olunan məsələlərdən biri də Xəzər dənizi üzərindən yeni yükdaşımaların təşviqi, limanlararası əməkdaşlığın genişləndirilməsi və logistika infrastrukturunun inteqrasiyası oldu.Azərbaycan və Türkmənistan arasında əlaqələrin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. İki xalqı birləşdirən ortaq dil və mədəniyyət zəminində mədəniyyət günləri, tələbə mübadiləsi, elm və təhsil sahəsində əməkdaşlıq layihələri əlaqələrin davamlı inkişafına xidmət edir. Prezident İlham Əliyevin Türkmənistan səfəri çərçivəsində də bu məsələlər diqqət mərkəzində oldu.İkitərəfli münasibətlərdə əldə olunan uğurlar daha geniş regional əməkdaşlıq üçün də möhkəm zəmin yaradır. Məhz bu baxımdan Türkmənistan səfərinin ən mühüm məqamlarından biri Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin yüksək səviyyəli üçtərəfli görüşü oldu. Bu yeni format yalnız iqtisadi deyil, həm də siyasi və humanitar baxımdan böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, üç ölkənin birgə fəaliyyəti Orta Asiya və Cənubi Qafqaz regionlarında sabitlik, təhlükəsizlik və davamlı inkişafın təmin olunmasına xidmət edir. Enerji və nəqliyyat dəhlizlərinin birləşdirilməsi, bazarlara çıxış imkanlarının artırılması, xalqlar arasında əlaqələrin gücləndirilməsi bu əməkdaşlığın əsas hədəflərindəndir.Bir sözlə, Azərbaycan–Türkmənistan münasibətləri qarşılıqlı etimad, dostluq və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. Prezident İlham Əliyevin 2025-ci il avqustun 22-də Türkmənistana səfəri və üçtərəfli görüşdə iştirakı bu münasibətləri yeni mərhələyə yüksəltdi. Enerji, nəqliyyat, logistika və humanitar sahələrdə atılan addımlar ikitərəfli əməkdaşlığı daha da gücləndirir, eyni zamanda regional formatda geniş tərəfdaşlıq üçün sabit və dayanıqlı zəmin yaradır.

Məhərrəm Piriyev,YAP Salyan rayon təşkilatının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir