Prezident İlham Əliyevin hər çıxışı, müsahibəsi həm ölkəmiz, həm region, həm də dünyada baş verən hadisələrlə bağlı ölkə və beynəlxalq ictimaiyyətin daha dolğun şəkildə məlumatlandırılmasında əhəmiyyətli rol oynayır. Bu müsahibələr dünya ictimaiyyətinə Azərbaycanın ədalətli mövqeyini, müstəqil siyasətini və təşəbbüslərini birbaşa dövlət başçısının dilindən çatdırır. Bu baxımdan dövlətimizin başçısının Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər mühüm çağırışları özündə ehtiva edir. Bu çıxış həm ölkəmizin sülh gündəliyinə sadiqliyinin, həm də geoiqtisadi layihələrin reallaşdırılmasında fəal liderlik rolunun göstəricisidir. Dövlət başçısı İlham Əliyevin müsahibədə hər fikri bu günümüz və gələcəyimiz üçün mühüm bir çağırışdır. Sualları ətraflı şəkildə cavablandıran Prezident İlham Əliyev türk dünyasının birliyinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu da vurğulayıb. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində Azərbaycan və qardaş Türkiyənin göstərdikləri səylər göz qabağındadır. Azərbaycanın təşkilata sədrlik etdiyi dövrdə həm türk dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafına, həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına xidmət edən addımları bu ölkələr tərəfindən yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin bütün dövrlər üçün aktuallığını qoruyan “Biz birlikdə güclüyük!” çağırışına bu mühüm reallıq da əlavə edildi ki, bizim ailəmiz türk dünyasıdır. Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Artıq reallığa çevrilməsi qaçılmaz olan Zəngəzur dəhlizi türk dünyasının birliyini daha da möhkəmləndirəcək. Vaşinqton görüşünün uğurlu nəticələrindən biri məhz Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən addımın atılması oldu. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, Prezident Donald Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək.Dövlət başçısı İlham Əliyev müsahibəsində türkdilli dövlətlər arasında Azərbaycanın mühüm roluna xüsusi diqqət yönəldərək bildirdi ki, Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir. Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir. Türkiyə ilə çox sıx münasibətlərimiz var və bu münasibətlər hazırda 2021-ci ildə Şuşada Prezident Rəcəb Tayyib Ərdoğanla imzalanan, bizi hərbi və siyasi müttəfiqlər edən Bəyannaməyə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm amildir. Keçən il Azərbaycan Özbəkistanla müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladı. Həmçinin Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə strateji tərəfdaşlıq müqavilələrimiz və bəyannamələrimiz var. Beləliklə, bu, böyük potensialdır: «Bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir. Çünki digər beynəlxalq təşkilatlara baxsaq, onların hamısını deyil, bəlkə də bir qismini ortaq etnik qrup birləşdirir. Bəli, biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir. Ölkələrimizin əhalisinin sayı artır və bu da hər bir ölkə üçün vacib amildir. İqtisadi inkişafla dəstəklənəndə isə bu, üstünlük deməkdir. Ölkə kasıb olduğu zaman bəzən bunun mənfi nəticələri də olur. Amma bizim ölkələr kasıb deyil. Hər ölkə olmasa da, ölkələrimizin bir çoxu təbii sərvətlərə malikdir. Bizim geniş coğrafiyamız var.»Prezident müsahibəsində Birinci Qarabağ müharibəsi zamanı baş vermiş Xocalı soyqırımı və etnik təmizləmə faktlarını xatırladaraq, Azərbaycanın bu acı tarixə baxmayaraq intiqam yolunu seçmədiyini vurğuladı. 2020-ci ildə döyüş meydanında alınan qələbə həm də mənəvi üstünlüyün göstəricisi oldu.Vaşinqtonda imzalanan sənədin əsas mahiyyəti tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Əgər Ermənistan bu prinsipi qəbul etməzsə, Azərbaycan da eyni mövqe tutacaq. Bu, sadəcə iki liderin razılaşması deyil, iki suveren dövlətin beynəlxalq hüquqa əsaslanan münasibətidir.Azərbaycanın təşəbbüsü ilə Minsk qrupunun ləğvi danışıqların ilkin mərhələsində irəli sürülmüş əsas şərtlərdən biri idi. Ermənistanın Qarabağı Azərbaycanın hissəsi kimi tanıması bu qurumun hüquqi əsasını ortadan qaldırdı. Prezident Trampın iştirakı ilə ATƏT-ə göndərilən məktub Minsk qrupunun hüquqi süqutunu rəsmiləşdirdi.Prezident İlham Əliyev İranla münasibətlərə də toxunaraq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasətin vacibliyini qeyd etdi. O, həmçinin regionda sabitliyin qorunması üçün bütün qonşu ölkələrlə konstruktiv dialoqun tərəfdarı olduğunu bildirdi. Bu yanaşma Azərbaycanın çoxvektorlu xarici siyasətinin bariz nümunəsidir.Prezident cənab İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu nümayiş etdirən mühüm siyasi bəyanat kimi qiymətləndirilməlidir. Müsahibə, Azərbaycanın yalnız öz milli maraqlarını müdafiə etməklə kifayətlənmədiyini, həm də regional və qlobal sülh, sabitlik və əməkdaşlıq təşəbbüslərinə töhfə verdiyini göstərir. Azərbaycanın sülh təşəbbüsləri, nəqliyyat dəhlizləri layihələri, enerji əməkdaşlığı və multikultural dəyərləri əsasında həyata keçirilən siyasət regional inteqrasiyanın dərinləşməsinə və beynəlxalq aləmdə daha etibarlı tərəfdaş imicinin formalaşmasına xidmət edir. Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, dövlətimizin əsas hədəfi regionda uzunmüddətli sabitlik, dayanıqlı inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılmasıdır.
Mahir Xankişiyev,Salyan rayonu Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı
