Cənubi Qafaqazın lider dövləti olan Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Azərbaycanın Avropanın enerji təchizatının əsas təminatçılarından birinə çevrilməsi bir daha sübut edir ki, ölkəmiz bütövlükdə dünyanın iqtisadi məkanında önəmli yerlərdən birini tutmaqdadır. Avropa ölkəsi olan Bolqarıstanla son zamanlar əməkdaşlığın genişləndirilməsi, diplomatik münasibətlərin qurulması da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Son illərdə Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bu əlaqələrin uğurla davam etdiyinə bir daha əyani sübutdur. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Azərbaycanla Bolqarıstan arasında münasibətlər zəngin müqavilə-hüquq bazasına söykənir. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara uyğundur və hər iki tərəf bu istiqamətdə iradə nümayiş etdirir.
Bu gün ölkələrimiz enerji sahəsində də uğurlu əməkdaşlıq edir. Azərbaycan-Bolqarıstan münasibətlərində enerji məsələləri üstünlük təşkil etsə də, hər iki dövlət qeyri-enerji sahəsində, o cümlədən, nəqliyyat, sənaye, ticarət, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Bu baxımdan, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin həyata keçirilməsi mühüm məqamlardan biridir. O cümlədən, “Cənub qaz dəhlizi”nin Bolqarıstan üçün əhəmiyyəti böyükdür. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir.
Bu gün Azərbaycanın fəaliyyəti həmin layihədə yer alan ölkə başçıları tərəfindən də yüksək qiymətləndirlir. Azərbaycan ilə Bolqarıstan arasında ticarət mübadiləsinin diversifikasiyası və qarşılıqlı sərmayə imkanlarının artırılması istiqamətində də işlər aparılır. Belə ki, energetika sahəsi Azərbaycan-Bolqarıstan münasibətlərinin iqtisadi bünövrəsini təşkil edərək ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm zəmin təşkil edir. Bolqarıstanda hazırda təbii qaz qiymətlərinin kəskin qalxması ilə bağlı vəziyyətin olduqca ciddi olduğunu nəzərə alaraq, strateji tərəfdaş və dost ölkə olaraq Azərbaycan hər zaman mövcud imkanlar çərçivəsində Bolqarıstana öz yardımını əsirgəməyib.
Azərbaycanla Bolqarıstan arasında hələ 2015-ci ildə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə qəbul edilib. Bu bəyannamədə əksini tapan tərəfdaşlıq istiqamətləri ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın, eləcə də ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yeni imkanlar açmışdır. Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri strateji xarakter daşıyan əlaqələrin inkişafı baxımından olduqca mühümdür. Səfər çərçivəsində tərəflər arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsinin aparılması xüsusi əhəmiyyətə malikdir.
Xöşbəxt Feyzullayeva,
Salyan Peşə Liseyinin müəllmi
