Azərbaycan xalqı 2020-ci il Vətən müharibəsində qazandığı tarixi Qələbə və 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü tam təmin etdi. Dövlət suverenliyinin bərpası xalqımızın əsrlər boyu həsrətində olduğu bir amal idi. Bu Qələbə Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətinin, xalqımızın milli həmrəyliyinin və yenilməz iradəsinin bariz nümunəsi kimi tarixə yazıldı.Bu tarixi nailiyyətlərin davamı olaraq, Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Bu mühüm qərar yalnız şəhər günlərinin təsis olunması deyil, eyni zamanda Zəfərimizin əbədiləşdirilməsi, xalqımızın qəhrəmanlıq yolunun, suverenliyin bərpasının və Böyük Qayıdışın rəmzi kimi dəyərləndirilir. Bu günlər həm 30 illik işğal dövrünü, həm 44 günlük Vətən müharibəsini, həm də birgünlük antiterror tədbirlərinin uğurla nəticələnməsini özündə ehtiva etməklə bərabər, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin və soydaşlarımızın öz doğma yurdlarına dönüşünün təqdimatında da xüsusi əhəmiyyət kəsb edir.Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu tarixi mərasim xalqımızın yaddaşında silinməz iz qoydu. Xankəndi şəhərindən xalqa müraciət edən dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı bu Qələbəyə layiq olub və onu öz qanı, canı bahasına qazanıb: “Bu gün burada qaldırdığım Bayraq əbədi dalğalanacaq və biz bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”Son iki ildə bu bölgələrdə genişmiqyaslı işlər görülməkdədir. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə həyata keçirilən infrastruktur layihələri, abadlıq-quruculuq tədbirləri, yeni yaşayış massivlərinin tikintisi və sosial obyektlərin inşası xalqımızın necə qurucu bir xalq olduğunu bir daha nümayiş etdirir. Bu proses həm də gələcəyə böyük inam yaradır, çünki məqsəd yalnız dağıdılmış şəhər və kəndləri bərpa etmək deyil, həm də bu torpaqlarda ən müasir şəhərsalma standartlarına cavab verən yeni həyat qurmaqdır.Azad edilmiş digər torpaqlarımız kimi, Ağdərə də bu gün yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Ağdərə rayonunun inzibati vahid kimi yaradılması bölgənin sürətli dirçəlişi üçün mühüm əsas oldu. Burada dövlətin xüsusi diqqəti ilə yol-nəqliyyat infrastrukturunun bərpası, enerji təminatının qurulması, su və qaz xətlərinin çəkilməsi istiqamətində intensiv işlər aparılır. Yeni məktəblərin, xəstəxanaların, mədəniyyət müəssisələrinin inşası, kənd təsərrüfatı və sənaye sahələrinin inkişaf etdirilməsi üçün layihələrin reallaşdırılması nəzərdə tutulur. Ağdərə yaxın illərdə həm iqtisadi, həm də sosial baxımdan bölgənin mühüm inkişaf mərkəzlərindən birinə çevriləcək.Azərbaycan dövləti bu torpaqlarda yalnız dağıdılmış binaları bərpa etmir, həm də tarixi-mədəni irsi dirçəldir, dini abidələri, məscidləri, qəbiristanlıqları, tarixi yaşayış məkanlarını bərpa etməklə milli yaddaşımızı qaytarır. Bu isə xalqımızın tarixi köklərinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz əhəmiyyətə malikdir.Bu gün Ağdərədə dalğalanan üçrəngli Azərbaycan Bayrağı dövlətimizin ərazi bütövlüyünün təmin olunmasının, xalqımızın sarsılmaz iradəsinin və tarixi ədalətin bərpasının simvoludur. Qarabağ torpaqlarında, o cümlədən Ağdərədə yeni həyat başlayır – quruculuq, inkişaf və tərəqqi dövrü. Bu günkü reallıqlar göstərir ki, Azərbaycan xalqı və dövləti yalnız Qələbə qazanmaqla kifayətlənməyib, həm də həmin Qələbəni möhkəmləndirərək əbədi edəcək.
Rəşad Tağızadə, Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktoru, YAP fəalı
