
Bakı. Trend:
Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru və Türk
Dövlətləri Beynəlxalq Universitetinin rektoru professor
Bahodir Turaev Azərbaycan Memarlıq və İnşaat Universitetində
(AzMİU) qonaq olub. Qonaq AzMİU-nun rektoru, professor Gülçöhrə
Məmmədova tərəfindən qəbul edilib. Görüşdə AzMİU və Türk Dövlətləri
Beynəlxalq Universitetinin nümayəndələri də iştirak ediblər.
Müqavilə imzalanmazdan öncə hər iki rektor çıxış edərək
Özbəkistan ilə Azərbaycan arasında son illər güclənən əməkdaşlıq
əlaqələrinə, Prezident İlham Əliyevin və Prezident Şövkət
Mirziyoyevin qarşılıqlı səfərlərinə, həmçinin Türk Dövlətləri
Təşkilatı çərçivəsində inkişaf edən qardaşlıq münasibətlərinə
diqqət çəkiblər. Bu münasibətlərin universitetlər arasında
əməkdaşlıq üçün geniş perspektiv yaratdığı vurğulanıb.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr
aparılıb və əməkdaşlıq imkanları nəzərdən keçirilib. Xüsusilə
Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə nəqliyyat, logistika və
digər uyğun profilli ixtisaslar üzrə əməkdaşlıq məsələləri müzakirə
olunub.
<!—->
<!––>
Nəticədə, AzMİU və Türk Dövlətləri Beynəlxalq Universiteti
arasında Memorandum imzalanıb. Memorandum tərəflər arasında
akademik əməkdaşlığı gücləndirməyi, müəllim, tələbə və işçi heyət
mübadiləsini təşviq etməyi, birgə tədqiqat layihələri həyata
keçirməyi, simpoziumlar, konfranslar və qısa kurslar təşkil etməyi
nəzərdə tutur.
Tərəflər həmçinin tədris və idarəçilik praktikalarını
paylaşacaq, ekoloji idarəetmə ilə bağlı birgə fəaliyyətlərdə
iştirak edəcək və elmi-metodik nəşrləri mübadilə edəcəklər.
Memorandum eyni zamanda koordinasiya edilən layihələr üçün
resurs və infrastruktur istifadəsini təmin edir. Bu əməkdaşlıq
universitetlərin beynəlxalq əlaqələrinin gücləndirilməsi və təhsil,
elmi tədqiqat sahələrində inkişafın sürətləndirilməsi üçün mühüm
addım hesab olunur.
