Bakı Su İdmanı Sarayı: Paytaxt sakinlərinin aktiv istirahət və idman üçün üz tutacağı ideal məkan – FOTO/VİDEO

İdman

Bakı Su İdmanı Sarayı 2015-ci ildə ölkəmizdə keçirilmiş I Avropa Oyunları zamanı ən çox yarışın keçirildiyi idman infrastrukturlarından biri olub. İnsanların Akvatika Sarayı (Aquatic Palace) kimi də tanıdığı idman qurğusu 19 aprel 2013-cü ildən tikilməyə başlanıb və I Avropa Oyunları üçün istifadəyə verilib. Qurğu bundan sonra da fəaliyyətini davam etdirərək Azərbaycan idmanına öz töhfəsini verib.

Bəs hazırda bu qurğuda vəziyyət necədir? Əhali Bakı Su İdmanı Sarayının xidmətlərindən istifadə edə bilirmi?

Oxu.Az məsələni araşdırmaq üçün adıçəkilən məkana üz tutub.

Adından da göründüyü kimi, bura daha çox su idman növləri üzrə ixtisaslaşıb. Bununla belə, Bakı Su İdmanı Sarayı özünü maliyyələşdirən bir təşkilat kimi su idmanına daxil olmayan müəyyən idman növləri üzrə xidmətlər üçün də əhalinin üzünə açıqdır.

Məsələn, sarayın ikinci mərtəbəsində gimnastika zalı fəaliyyət göstərir. Zalın əsas müəllimi Nəzirəxanım Fəradovanın (Salmanzadə) sözlərinə görə, burada əsasən azyaşlı qızlar məşq keçir. Onlara bədii gimnastika və xoreoqrafiya öyrədilir. Albina Sabitova isə Tatarıstanda bədii gimnastika üzrə keçdiyi təcrübəni bu elastik idman növünə yeni başlayan azyaşlı qızlarla bölüşür. Həmçinin Tatyana Belova da bu iki şəxsə köməklik edir. Bu zalda Şərq döyüş növlərindən biri olan kendo ilə də məşğul olmaq mümkündür.

Daha sonra fitnes mərkəzinə baş çəkirik. Sarayın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elnarə Xəlilovanın sözlərinə görə, 2500 kvadratmetr əraziyə sahib olan fitnes mərkəzi gündəlik olaraq istifadədir. Fitnes üzrə məşqçi Elnarə Quliyeva artıq piylərdən qurtulmaq istəyən və gözəl bədən quruluşuna malik olmaq istəyən bəylər və xanımlar üçün təlimatlarını verir. Həmçinin burada yoqa (aylıq 70 AZN) və pilates məşqləri də keçirilir. Yeri gəlmişkən, qeyd edək ki, fitnes mərkəzində Çindən olan bir əcnəbi vətəndaşın da məşq etdiyini də müşahidə edirik.

Enirik aşağıya – üzgüçülük hovuzlarının yerləşdiyi əsas yerə. Burada dərinliyi 3 metr olan üzgüçülər üçün hovuz və vaterpolo, eləcə də suya tullanma üçün su meydançası var.

Üzgüçülük üzrə milli komandamızın baş məşqçisi Rəşad Əbdürrəhmanovu dinləyək: “İstedadlı idmançılar axtarılmalı və yığmaya cəlb edilməlidir. Dünən Su İdmanı Sarayında iki yarış keçirmişik. Bu turnirlərdə 400-ə yaxın şəxs iştirak edib. Birinci turnir Su İdmanı Sarayının qapalı yarışı idi ki, buna 205 nəfər qatılmışdı. Onlar 50 metr məsafəyə sərbəst üsulla üzdülər. Məşqçilər heyəti gələcəkdə daha yaxşı nəticə göstərə biləcək idmançıları seçdilər. Onlarla böyük səpkidə işlər aparılacaq.

İkinci yarışa Bakı və Sumqayıtdakı klubların təmsilçilərini dəvət etmişdik. 2008-ci il təvəllüdlü və daha kiçik yaş qrupları arasında yarışlar baş tutdu. 400 metr məsafəyə qarışıq üsulla üzmədən başqa, digər bütün olimpiya məsafələrində yarışlar baş tutdu. İdmançılar diplom və medallarla təltif olundu. 2008-ci il təvəllüdlü Orxan Əliyev normativi yerinə yetirərək yığmanın tərkibinə daxil oldu.

Nəinki üzgüçülük, su idman növləri üzrə bütün yığma komandaların dayaq bazası Bakı Su İdmanı Sarayıdır. Bazadan düzgün istifadə etmək bizim borcumuzdur”.

Vaterpolo üzrə məşqçi Ümid Məmmədov isə komandanın fiziki və taktiki hazırlıq keçdiyini, qarşıdakı Azərbaycan çempionatına hazırlaşdıqlarını bildirib.

Burada həmçinin Spa Mərkəzi də fəaliyyət göstərir. Spaya gündəlik giriş 30 manatdır. “Akvatik”, relaks, klassik bel, nöqtəvi, vakum, qaynar daş, klassik bal, şokolad və s. masajlar etdirib burada dincəlmək olar. Məsələn, şokolad masajının 40 dəqiqəsi 50 manatdır. Həmçinin burada iri cakuzi və saunalar da fəaliyyət göstərir.

Hovuz, fitnes və spadan birgə istifadə edənlər üçün endirimlər mövcuddur. Məsələn, hər üçünə gündəlik giriş birgə 45 manat təşkil edir. Həmçinin 6-15 yaş aralığında olan uşaqlar, tələbələr (16-21 yaşlılar) və 65 yaşdan yuxarı yaşlı təbəqə endirimlə bu imkanlardan yararlana bilərlər.

Burada tatamisi olan döyüş zalı da fəaliyyət göstərir. Ciu-citsu dərsləri də burada keçirilir. Azərbaycan Ciu-Citsu Federasiyasının İdarə Heyətinin də üzvü olan Əli Cəfərov 6 yaşdan yuxarı tələbələrinə Braziliya idman növünün sirlərini öyrədir.

Bakı Su İdmanı Sarayına hər birinin sahəsi 40×32 m olan mini futbol meydançaları da daxildir. Avropa standartlarına cavab verən və hündürlüyü 5,5 sm olan süni ot örtüyü ilə döşənmiş bu meydançalardan istifadə 60 AZN təşkil edir. Çimərlik futbolu meydançası üçün bu rəqəm 50 AZN-dirsə, çimərlik voleybolu və strit basketbol meydançalarından istifadə üçün 40 AZN pul ödəmək lazım gəlir.

Sonda çoxlarının maraqla gözlədiyi “Baku City Karting”in də bu kompleksin ərazisində fəaliyyət göstərdiyini bildirək. Bura rəhbərlik edən Cəmil Tağıyevin sözlərinə görə, uzunluğu 802 metr olan yarış xəttində 22 döngə mövcuddur. 39 ədəd kartinq maşınına (kart) sahib olan “Baku City Karting”in xidmətlərindən istifadə etmək bazar ertəsi-cümə günləri 10 dəqiqə sürməklə adambaşı 25 AZN təşkil edir. Həmçinin burada iki nəfərlik kartlar (40 AZN), 13 at gücünə (35 AZN) və peşəkarların sürdüyü 24 at gücünə malik olan (60 AZN) kartlar da var.

Göründüyü kimi, bu yay da Bakı Su İdmanı Sarayı insanların istifadəsi üçün açıqdır. Ona görə də bu yay Saray əməkdaşlarının işinin az olmayacağını düşünmək olar.

Səbuhi Musa

Foto: Firudin Səlimov

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir