Bakıda yüz ildən çox yaşı olan evlər hər an uça bilər – FOTO

Cəmiyyət

Sabunçu qəsəbəsi, Mehdi Məmmədov (keçmiş H.Sultanov) küçəsi, ev 2, 2a, 2b, 2q saylı ünvanlarda yerləşən yaşayış binalarının sakinləri narazıdırlar. 

Bu barədə Oxu.Az-ın redaksiyasına sakinlər müraciət ediblər. 

Sabunçu qəsəbə sakinləri yaşadıqları binaların qəzalı vəziyyətdə olduğuna görə etiraz edirlər:

“Bina qəzalı vəziyyətdə olsa da, heç bir tədbir görülmür. 1895-ci ildə tikilən binalardır. Evlərin divarları hər an uça bilər”.

Məsələ barədə Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Sabunçu qəsəbəsi, Mehdi Məmmədov (keçmiş H.Sultanov) küçəsi, ev 2, 2a, 2b, 2q saylı ünvanlarda yerləşən yaşayış binaları vaxtilə Dövlət Neft Şirkətinin, son illərdə isə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilib:

“1897-1914-cü illərdə inşa edilmiş, hər biri ikimərtəbəli olan dörd bina uzun müddət istismar olunduğundan yararsız vəziyyətə düşüb. Qeyd olunan binaların qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 29.10.2015-ci il tarixli akt da tərtib edilib. 

Məlumat üçün nəzərinizə çatdırırıq ki, rayon ərazisində yerləşən qəzalı vəziyyətdə olan və istismara yararsız binalar haqqında hazırlanmış məlumat aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. 

Əlavə olaraq onu da qeyd edək ki, məsələ ilə bağlı Rayon İcra Hakimiyyətinin və 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndələri tərəfindən həmin binalara dəfələrlə yerində baxış keçirilib, bu barədə sakinlərə lazımi izahatlar verilib. Qəzalı binaların sakinlərinin köçürülərək, evlərin sökülməsi ilə bağlı işlər mərhələli şəkildə həyata keçirildiyindən gələcəkdə aidiyyəti qurumlar tərəfindən bu məsələyə də baxılacaq”.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir