Bazara qayıdan sənət – FOTOREPORTAJ

Cəmiyyət

“Müştərilərim var ki, övladları xaricdən onlara paltar göndərirlər, amma dərzinin müdaxiləsi lazım gəlir. Yəni “ölçüm budur”la iş aşmır. İndiki geyimlərin biçilməsində nöqsan var. Elə geyimlər var ki, onların nöqsanlarını dərzi də aradan qaldıra bilmir”.
 
Bir var sənin bədən quruluşuna uyğun tikilən geyim, bir də var hazır, mağazalarda satılanlar. Birincilərə 80-90-cı illərdə tələb daha çox idi, ikincilər isə günümüzdə aktualdır. Hazır geyimlərə tələbat artdıqca, dərzilik peşəsinə yönələnlərin sayı azaldı. Lakin son illər hiss olunur ki, onlar – dərzilər qayıdırlar. Səbəb nədir? Yenidən tələb yaranıb? İşləri əvvəlki kimi “xod” gedirmi? Suallara cavab tapmaq üçün ömrünün 40-50 ilini bu sənətə həsr etmiş dərzilərlə söhbətləşdik.

Kaspi qəzetinin yazısını təqdim edirik:

“Trendyol” dövrü

İlk həmsöhbətimiz Mənsurə İsmayılova oldu. Mənsurə xanım deyir ki, o, işə yeni başladığı vaxtlardan bu günə qədər xanımlardan aldığı sifarişlərin xarakterində və çeşidində böyük dəyişiklik olub: “O vaxt deyirdilər ki, gəlinin bəxti, taleyi gəlinliyinin içindədir. Ona görə, hər gəlinin özünə məxsus gəlinlik donu olmalı idi. Yeni başladığım vaxtlarda ən çox gəlin paltarları sifariş edirdilər. 2000-ci illərə doğru gəlinliklərin sifarişi azaldı. İndi artıq gəlinlik paltarı tikdirən yoxdur. Sonra internet genişləndi, xanımlarımız dünyanın dörd bir yanındakı geyimlərlə tanış oldular. Bundan sonra bəyəndikləri geyimlərin şəkillərini gətirib “bunun eynisini tikin” dövrü başladı. İndi isə “Trendyol” dövrüdür.  Yəni daha çox Türkiyədən sifariş edirlər. “Trendyol”dan alınan geyimlər birinci bizə gəlir. Çoxunun düzəlişə ehtiyacı olur. İndi geyimlərin sahmana salınması işi tikişdən çoxdur”.

“Ana və qızı eyni geyimləri sifariş edirlər”
 
M.İsmayılova deyir ki, əvvəllər toya gedən xanımlar geyim tikdirməyə çox meyilli olurdular: “İndi də var, amma əvvəlkinin 30 faizi qədər. Yaxud jurnallarda, məşhurların əynində hansısa geyimi bəyənirlər, şəklini gətirib onu tikməyimizi istəyirlər. İndi ana və qızın hansısa özəl günlərdə eyni ziyafət geyimləri geyinməsi dəbdədir”.


 
Varlılar dərziyə müraciət edir…

M.İsmayılova deyir ki, indi dərziyə imkanlı şəxslər daha çox müraciət edirlər: “İmkanı var, mağazaları gəzməyə vaxt sərf etmir. İstədiyi formada tikdirir. Varlılar dərziyə müraciət edir, aşağı büdcəlilər “Trendyol”dan istifadə edir”.

Bir qisim xanımlar da var ki, dərzilərə sifariş verməsələr də, onların əl işlərini “İnstaqram”dan alırlar: “Dərziyə geyim tikdirməyə maraq göstərmirlər. Amma bir nəfər “İnstaqram”da səhifə yaradır, sifarişləri də biz dərzilərə verir. Tikirik, paylaşırlar, adamlar da oradan alırlar. Təbii ki, bu zaman geyimlər müştərilərə daha baha satılır. Çünki səhifədə bu işi təşkil edən də məhsulun üzərinə öz gəlirini qoyur”.


 
Ortayaşlılar kostyum sifariş edirlər, gənclər isə…
 
Kişilərin sifarişlərinə gəlincə, dərzi Elşən Məmmədov bildirdi ki, o vaxt kişilər ən çox kostyum və palto tikdirmək üçün müraciət edirdilər: “Kostyum, palto satışda da var idi, amma tikdirməyə üstünlük verirdilər. O vaxt insanların keyfiyyətli əl işindən anlayışları vardı. İndi də əl işinə qiymət verənlər az da olsa var. Düzdür, indi palto tikdirən yoxdur, amma kostyum sifarişləri olur. Ayda, bəzən 10-15 kostyum sifarişi götürürəm. Əsasən, ortayaşlı bəylər sifariş verirlər. Gənclər isə təmir işləri üçün müraciət edirlər”.

Hazır geyimlərə mütləq dərzi müdaxiləsi olmalıdır

Dərzi Hüseyn Babayev deyir ki, o vaxt geyim mağazaları indiki qədər deyildi, ona görə də kişilər dərzilərə üz tuturdular: “Həm geyim seçmək üçün mağazalar az idi, həm də insanların zövqü başqa idi. O vaxtın kişiləri hazır geyimləri bəyənməzdilər. Dərzinin tikdiyi, əl işi olan geyimləri daha çox sevirdilər. Bir də, kişilər bəylik kostyumlarını həmişə tikdirirdilər”.
Təkcə xanımlar deyil, elə bəylərin də dərziyə işi ən çox aldıqları hazır geyimlərin əyər-əskiklərinin düzəldilməsi ilə bağlı olur. H.Babayev vurğuladı ki, brend mağazalardan alınan geyimlərin çoxuna dərzi müdaxiləsi lazım olur: “İndiki hazır geyimlərə mütləq dərzi müdaxiləsi olmalıdır. Müştərilərim var ki, övladları xaricdən onlara paltar göndərirlər. Amma dərzinin müdaxiləsi lazım gəlir. Yəni “ölçüm budur”la iş aşmır. İndiki geyimlərin biçilməsində nöqsan var. Elə geyimlər var ki, onların nöqsanlarını dərzi də aradan qaldıra bilmir”.


 
“O vaxtkı kimi işləsək, ac qalarıq”

H.Babayev deyir ki, bədənin əyər-əskikliyinin bilinməməsi üçün əl işi çox yaxşıdır: “Çünki dərzi sənin bədənini ölçür, nöqsanlı görünən hissə varsa, geyimi elə tikir ki, onları bağlaya bilsin”.
H.Babayev bildirdi ki, dərzi olaraq gördüyü indiki iş ürəyincə deyil: “Biz dərzilik məktəbi görmüşük. O işlərə baxanda, indi etdiyimiz dərzilik deyil. Bu, ailəni saxlamaq üçündür. O vaxt gördüyümüz işləri indi Avropada milyonerlər sifariş verirlər. O vaxtkı kimi işləsək, ac qalarıq. Çünki o işlərə tələb də yoxdur”.

Sayı çoxdur, peşəkarları az
 
Hüseyn Babayev son vaxtlar dərzixanaların artmasını belə şərh etdi: “Obyektlərin sayı çoxala bilər, amma peşəkarların sayı azdır, sənətkar deyillər. Onların çoxu dərzi deyil, şalvar, yubka ayağı kəsənlərdir. Mürəkkəb işlərlə bağlı müraciət olunanda, bacarmırlar”.

Mənsurə İsmayılova deyir ki, dərzilərin sayı çox olsa da, uzun müddət fəaliyyət göstərənləri çox deyil: “Düz tikişlər edirlər, nəyisə kəsib tikirlər. Yaxud hazır formalar üstündə işləyirlər. O dərzilər uzun müddət işləyir ki, peşəkardır, öz müştərisi var”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir