Beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam edəcəyik

Baş səhifə

Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan milli-strateji hədəflərə çatmağa imkan verir.

Ümumiyyətlə, Azərbaycanın strateji kursunun səciyyəvi xüsusiyyətlərindən biri onun müstəqil xarakter daşımasıdır. Yəni ölkəmiz hər hansı bir güc mərkəzindən, transmilli təsisatdan asılı deyil, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirir, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə ali geosiyasi iradəsini aşkar nümayiş etdirir. Respublikamızın daxili və xarici siyasət kursunun strateji episentri milli maraqlardır. Yəni Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirilir, qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsipi əsas götürülür. Bu amil səmərəli əməkdaşlığın, qarşılıqlı siyasi əlaqələrin formalaşmasında mühüm rol oynayır.
“Beynəlxalq arenada biz müstəqil siyasət yürütməyə davam edəcəyik”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına dördüncü ildir sədrlik etdiyini xatırladan dövlət başçısı qeyd edib ki, 120 üzv ölkənin ümumi rəyinə əsasən ölkəmiz Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Hərəkatın institusional inkişafı ilə bağlı çoxlu addımlar atdıq, parlament və gənclər platformalarını yaratdıq, qadınlar üçün platformanın yaradılması üzərində işlədik. COVID-19 pandemiyası ilə bağlı 80-dən çox ölkəyə yardım etdik. Beləliklə, Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı. Sədrliyimiz yekdil qərarla əlavə bir il uzadılmışdır.
Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Azərbaycan Prezidentinin böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Respublikanın təşəbbüskarı olduğu bütün layihələr əməkdaşlığın inkişafına yönəlib, ordumuz dünyanın ən güclü orduları sırasındadır. Bütün dünyaya sübut etmişik ki, müstəqil, firavan həyat sürürük. Gələcəkdə də bu yol davam edəcək. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. İqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır.
Ölkəmiz hər zaman beynəlxalq münasibətlərdə balanslaşdırılmış, müstəqil siyasət həyata keçirir, ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirir. Xarici siyasətdə prioriteti qonşu ölkələrlə yüksək əməkdaşlıq münasibətləri qurmaq, mehriban qonşuluq şəraitində yaşamaqdır. Ermənistan istisna olmaqla, bütün qonşular, həmçinin digər xarici tərəfdaş ölkələrlə iqtisadi müstəvidə qurulan səmərəli əməkdaşlıq qarşılıqlı siyasi əlaqələrin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynayır. Bu gün həm də dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmlənir. Burada Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq platformalarını xüsusi qeyd etmək lazımdır. Bununla yanaşı, Avropa İttifaqına üzv ölkələrin bəziləri ilə qurulan strateji tərəfdaşlıq əlaqələrini də vurğulamaq olar.
Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisinə, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurlu həllinə imkan yaradır. Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir, dünya birliyinin ayrılmaz hissəsinə çevrilib. Ölkəmiz dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT, ATƏT, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar, habelə ABŞ, Rusiya, Almaniya, Türkiyə, İngiltərə və digər dövlətlərlə sıx əməkdaşlıq edir. Strateji əməkdaşlıq imkanlarını yüksək səviyyədə dəyərləndirərək, son dövrdə Avropa Birliyi və institutları Birləşmiş Millətlər Təşkilatı və müvafiq qurumları ilə sıx əməkdaşlıq imkanlarını və perspektivlərini genişləndirmək istiqamətində addımlar atmaqdadır.
Təbii ki, bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.

Faiq Zərbəliyev,
Salyan rayon Peyk kənd tam orta məktəbin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir