Ölkəmiz hər zaman beynəlxalq hüquq və normalara sadiq olub. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Respublikamızda həyata keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər, fəal xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və inkişafına əlverişli zəmin yaratmışdır. Və bu münasibətlərdə Azərbaycan hər zaman həm beynəlxaq hüquq normalarını diqqətdə saxlamış, onlara əməl etmiş və digərlərini də buna dəvət etmişdir.
Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçi səfəri ilk növbədə bir reallığı da hər kəsə bəyan etdi – qalib komandan İlham Əliyev danışıqlar masasına bir şərtlə oturur ki, nəticədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental prinsipləri prioritet tutulmaqla razılıq əldə edilsin.
Görüşün yekununda imzalanan bəyanatda da Azərbaycanın maraqlarına uyğun məsələlər öz əksini tapdı. Sənədə əsasən tərəflər regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğulayıblar. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşıblar.
Bəyanatda Azərbaycanın maraqlarına uyğun digər bir məsələ də öz əksini tapıb. Belə ki, tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəliblər.
Beləliklə, Soçi görüşü Azərbaycanın diplomatik müstəvidə növbəti uğuru kimi yadda qaldı. Aparılan bütün sülh danışıqları prosesində reallıq budur ki, Müzəffər Ali Baş Komandanın hərb meydanında tarixi qələbəsi xarici siyasətdə də öz davamını göstərməkdədir. Bu həm də o deməkdir ki, İlham Əliyevin ölkəmizin milli maraqlarına uyğun yürütdüyü mükəmməl daxili və xarici siyasət kursu Azərbaycanın bütün müstəvilərdə uğurunun təminatçısıdır.
Cənab Prezident haqlı olaraq dəfələrlə qeyd etmişdir ki, nə BMT, nə də digər beynəlxalq təşkilatlar məsələnin həlli ilə bağlı effektiv heç bir addım atmayıb. Yalnız danışıqlar və turistik gediş-gəlişlərin şahidi olmuşuq. O, BMT-nin və digər təşkilatların verdiyi qərarların yalnız kağız üzərində qaldığını bildirib. Cənab Prezident əslində BMT-nin icra etməli olduğu qərarların Azərbaycanın özü tərəfindən yerinə yetirildiyini bütün tribunalardan deyib. Cənab Prezident müharibə və ondan sonrakı dönəmdə bəzi dövlətlər tərəfindən təzyiqlərin olmasına baxmayaraq bundan sonra da Azərbaycanın beynəlxalq prinsip və normalara sadiq qalacağını və bu istiqamətdə işləri davam etdirəcəyini dəfələrlə qeyd edib. Son günlərdə Soçi səfəri zamanı da cənab prezidentimiz eyni mövqeyi sərgiləmişdir. O, münasibətlərin normallaşması prosesinə münasibət bildirərkən qeyd etmişdir ki, “Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür”.
Qurban Rzayev,
Salyan şəhəri, YAP fəalı
