Biləsuvar rayonunda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Vətən müharibəsində və Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-də törətdiyi genişmiqyaslı təxribatlar zamanı şəhid olmuş əsgərlərimizin valideynləri ilə görüş keçirildi.
Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhid ailələri iştirak etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəhid ailələrini təbrik edərək onlara həyatlarında uğurlu və xoşbəxt illər arzulayıb. İcra Başçısı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimiz, qazi olmuş əsgər və zabitlərimizlə daima fəxr edəcəyimizi qeyd edib.
Qəhrəman şəhidlərimizin Azərbaycanın haqq işi uğrunda cəsurluq və mərdlik nümunəsi göstərdiklərini bir daha diqqətə çatdıran Faiq Qürbətov onların həyat yolunun nəsillərə örnək olduğunu vurğulayıb.
Tədbirdə YAP Biləsuvar rayon Təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək şəhid valideynlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş və bildirmişdir ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya bir daha nümayiş etdirdi.
Şəhidlərimizin döyüş yolundan söz açan valideynləri övladlarının qəhrəmanlığından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirərək dövlət səviyyəsində şəhid ailələrinə göstərilən qayğıdan razılıqlarını bildirmişlər.







