Bu gün Biləsuvar rayonunun Əsgərabad kəndində Rayon İcra Hakimiyyətinin və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə – Topraq çərşənbəsinə həsr olunmuş bayram tədbiri keçirildi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak etdilər.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək Torpaq çərşənbəsi münasibətilə rayonun, o cümlədən Əsgərabad kəndinin sakinlərini təbrik etdi və onlara xoş arzularını çatdırdı.
Qeyd olundu ki, xalqımız öz milli mənəvi dəyərlərinə sadiqdir.Dövlətimiz bu dəyərlər üzərində qurulub və milli dəyərlərə münasibətimiz, milli ənənələrimizə hörmətimiz bizi daha da gücləndirmişdir.
Xalqımızın əsrlər boyu böyük təntənə ilə qeyd etdiyi Novruz bayramının gəlişi ilə ölkəmizə, xalqımıza sevinc, xoş əhval-ruhiyyə bəxş edir.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tərəfindən bayram tonqalı alovlandırıldı.
Tədbirin bədii hissəsində Biləsuvar Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanmış konsert proqramı təqdim olundu, Novruz bayramı ənənələrinə uyğun olaraq bir çox maraqlı oyunlar keçirildi, müxtəlif bayram təamları hazırlandı.
Bayram tədbiri kənd sakinləri tərəfindən böyük coşqu ilə qarşılandı.

