Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi

Baş səhifə

 

Son dövrlərdə Azərbaycanın Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələri davamlı olaraq Azərbaycan Ordusunun hərbi hissələrinə qarşı təxribatlar, terrorlar törədirdilər. Xüsusilə avqustun 3-də Laçın rayonu istiqamətində hərbi bölmələrimizin mövqelərinin erməni separatçıları tərəfindən atəşə tutulması nəticəsində müddətli hərbi xidmətdə olan əsgər Anar Kazımovun şəhid olması tükənmiş səbrimizi alovlandırdı. Yəni, erməni separatçıları bu təxribatları ilə Azərbaycan Ordusunu məcbur etdi ki, sərt və qətiyyətli antiterror tədbirləri həyata keçirsin. Məhz, dərhal həyata keçirilən «Qisas» hərbi əməliyyatı çərçivəsində düşmənə sarsıdıcı zərbələr vuruldu.

Bu, yalnız hərbi deyil, həm də siyasi zərbə idi və Ermənistan hakimiyyətini küncə sıxışdırmaq üçün vacib idi. «Qisas» əməliyyatının uğurlu nəticəsi sayəsində Laçın və Kəlbəcər istiqamətində strateji yüksəkliklər – Sarıbaba ordumuzun nəzarəti altına keçdi. Bundan başqa, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ istiqamətində mühüm yüksəklik olan Qırxqızda da mövqelərimiz təmin edildi. Yalnız bu yüksəkliklər deyil, həm də onların ətrafında yerləşən digər mövqelər də artıq Azərbaycan Ordusunun nəzarətindədir. Həmin ərazilərdə ordumuz mövqelərinin möhkəmləndirilməsi, yol infrastrukturunun inkişaf etdirilməsi və atəş sisteminin qurulması ilə məşğuldur. Bu proseslərə orada yerləşən hərbi qulluqçularımızın, bölmə və hissələrin şəxsi heyətinin təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar kimi baxılmalıdır.

Azad edilən yerlərin məhz Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətindəki ərazilərdə olması bir daha birgə üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdə kifayət qədər ləng hərəkət edən Ermənistanın hərbi-siyasi rəhbərliyinə, həm də Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə rəhbərlik edən şəxslərə Azərbaycan ərazilərində söz sahibinin kim olduğu barədə çox dəqiq təsəvvür yaratmağa imkan yaradır.

Qüdrətli Azərbaycan Ordusu bugünkü qisas əməliyyatları ilə bir daha göstərdi ki, suveren ərazilərimizdə terrorun, separatçılığın kökü nəyin bahasına olursa olsun, qətiyyətlə kəsiləcək. Düşmən bütün bunlardan nəticə çıxarmalı, qisasın bundan sonra da amansız olacağını bilməlidir. Əks halda Dəmir Yumruğun öldürücü gücü yerində olacaq. Əgər bundan sonra da Ermənistan birgə bəyanatın şərtlərini yerinə yetirməsə, “Qisas” əməliyyatının növbəti mərhələsi də həyata keçirilə bilər.

Azərbaycan qarşı tərəfin birgə Bəyanatın şərtlərini ya xoşluqla, ya da zorla icra etdirməsində israrlıdır. Azərbaycan üzərinə düşən öhdəliklərin icrasını imzalanma mərasimindən qısa müddət sonra yerinə yetirdiyi halda, məğlub tərəfin bu öhdəlikləri uzatması heç bir halda ölkəmiz üçün qəbul edilən vəziyyət ola bilməz. Bu azmış kimi, atəşkəsin pozulması və Azərbaycan əsgərinin öldürülməsi bağışlanan hal deyil. “Qisas” əməliyyatı qeyri-qanuni erməni silahlı qüvvələrinə xəbərdarlıq siqnalı kimi də qiymətləndirilə bilər. Əgər Ermənistan tərəfi bu əməliyyatdan düzgün nəticə çıxarmazsa, qanunsuz erməni silahlı dəstələr daha ağır zərbələrə məruz qalacaqlar.

Bu gün bütün dünya, beynəlxalq təşkilatlar Ermənistana ciddi təzyiqlər göstərməlidir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edilməlidir. Azərbaycan bölgədə yeni müharibənin, hərbi qarşıdurmanın qəti əleyhinədir. Ölkəmiz Cənubi Qafqazda uzunmüddətli sülhə və təhlükəsizliyə nail olmaq istəyir. Son proseslər isə göstərir ki, sülhə mane olmaq istəyən yeganə qüvvə Ermənistandır.

 

 

Cavid Səmədli,

Salyan rayon gənci, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir