Bir vaxtlar Cənub Qaz Dəhlizini yalnız möcüzə kimi qiymətləndirənlər, bu gün nəhəng layihənin reallaşmasına şahidlik edirlər

Baş səhifə

Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 20 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.  

Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bu gün Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması, əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır. Belə ki, martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında ümumilikdə 23 ölkədən, 6 beynəlxalq təşkilatdan, 44 şirkətdən yüksək səviyyəli nümayəndələrin iştirakı ilə keçirilən tədbir zamanı Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə toxunduğu məsələlər beynəlxalq aləmdə böyük maraq doğurmaqla yanaşı, həm də Cənub Qaz Dəhlizinin önəmini bir daha beynəlxalq aləmin diqqətinə çatdırdı: “Cənub qaz dəhlizi” layihəsinə başlananda bu ideyanı dəstəkləyənlərlə yanaşı, onun gələcəyinə inanmayanlar və şübhə ilə yanaşanlar da az deyildi. Belə bir mövqe sərgilənirdi ki, guya Azərbaycan bu ideyanı reallaşdırmaqda aciz qalacaq və onu həyata keçirə bilməyəcək. “Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi”.

Beləliklə, Azərbaycan aparıcı beynəlxalq maliyyə institutlarını dəvət etdi, ölkələr və şirkətlər arasında yüksək əməkdaşlıq münasibətləri yarada bildi. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Azərbaycan bu layihənin reallaşması ilə enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişdirə bildi.

Digər tərəfdən isə bərpaolunan enerji layihələrinin həyata keçirilməsində, həqiqətən də, Azərbaycanın tutduğu mövqe uğurludur. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Dövlətimizin başçısı qeyd edib ki, 10 ilə bərpa olunan enerjidən maksimum istifadə edib, daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq: “Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”.

Bir sözlə, bir vaxtlar Cənub Qaz Dəhlizini yalnız möcüzə kimi qiymətləndirənlər, bu gün nəhəng layihənin reallaşmasına şahidlik edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində sözün həqiqi mənasında dəyişkən enerji xəritəsi formalaşdıra bildi. Bu gün dünyanı heyrətləndirən meqalayihələrin təşəbbüskarına çevrilən ölkəmiz yalnız regionun deyil, Avropanın belə enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bu isə Azərbaycanın həm coğrafi, həm də regional mövqeyini möhkəmləndirir.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində toxunduğu məsələlərin həlli ilə bağlı söylədiyi fikirlər onun qlobal problemlərin həllinə töhfə vermək niyyətində olduğunu, bununla bağlı təşəbbüslər irəli sürdüyünü, görülən işlərdə dəstək vermək əzmini göstərir. Azərbaycanın hələ bir neçə il bundan əvvəl həyata keçirməyə başladığı və bu gün zəruriliyi daha yaxşı başa düşülən layihələr dövlətimizin başçısının müdrik, uzaqgörən Lider olduğunu bir daha təsdiqləyir.

Sahib Həsənov,

Salyan rayonu, tarixçi-tədqiqatçı, YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir