“Biz düşməni torpağımızdan qovduq və yeni reallıq yaratdıq. Bu reallığı hamı etiraf etməlidir” İlham Əliyev

Dünya


Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük hərbi əməliyyatları nəticəsində torpaqlarımız düşmən tapdağından azad edildi və münaqişə noyabrın 10-da “Dəmir yumruğ”un zərbəsi altında Ermənistanın kapitulyasiyası ilə tam başa çatdı.
Post münaqişə dövründə isə bir sıra məsələlər var ki, onlar da öz həllini tapmalıdır. Əsasən bura sərhədlərin dəqiqləşdirilməsi, qarşılıqlı olaraq hər iki ölkənin biri-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, eyni zamanda nəqliyyat və kommunikasiyaların açılması kimi bir sıra məsələlər daxildir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında 2022 ci ilin 6 aprel tarixindəki görüşü də bu əsasda baş tutmuşdur. 4 saat yarımdan artıq davam edən üçtərəfli görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlasın və bunun üçün iki ölkənin Xarici İşlər Nazirliklərinə müəyyən təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Bəyanatda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılığın əldə olunduğu qeyd edilir. Həmçinin Bəyanatda Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Diqqət çəkən digər mühüm bir məqam isə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, iqtisadi məşvərət şurası mexanizminin yaradılmasının təsdiq olunmasıdır.
Brüsseldə keçirilmiş görüşlərdə, birgə mətbuat konfranslarında və bəyanatlarda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməməsi, ATƏT-in Minsk Qrupunun isə ümumiyyətlə adının çəkilməməsi bir daha münaqişənin keçmişdə qaldığını, sülh danışıqlarının daha çox ikitərəfli formata yönəldiyini, xüsusilə də status məsələsinin artıq Azərbaycanın, Ermənistanın, Rusiyanın, hətta Avropanın belə gündəliyindən çıxarıldığını sübut edir.
Əslində sülh müqaviləsi Ermənistan üçün hava-su kimi lazımdır. Çünki sadə ermənilər Ermənistanın acı məğlubiyyətini qəbul ediblər və bununla barışıblar. Erməni vətəndaşları İkinci Qarabağ müharibəsində yaşadıqları faciəni bir daha yaşamaq istəmirlər. Hətta İrəvanda ermənilər arasında aparılan sorğularda respondentlər Qarabağın Azərbaycanın ərazisi olduğunu və yenidən müharibə olacağı təqdirdə Azərbaycan Ordusu ilə savaşa getməyəcəklərini bildiriblər. Bu, o deməkdir ki, Ermənistanın əksər əhalisi Azərbaycanla qonşuluq münasibətlərində yaşamağa hazırdır.
Bütün bunlar bir daha təsdiq edir ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, dövlətimizin başçısı ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, ölkəmizin başçısına ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.

Siyəzən Rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Ramilə Seyidova

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir