Deputat İlham Məmmədov: Novruz bayramı-Azərbaycanın qədim və zəngin mədəniyyətinin nümunəsidir

Bölgə

Bildiyimiz kimi Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik bir ölkədir. Bununla yanaşı xüsusilə qeyd etmək lazımdır ki, milli dəyərlərimiz bizim milli sərvətimizdir. Bu sahəyə göstərilən qayğı dövlətimizin mədəniyyət siyasətindəki prioritet istiqamətlərindən biridir. Müasir dövrdə Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, Krım türklərinin Nevrez adlandırdıqları bu bayram bir çox ölkələrdə hər ilin mart ayında geniş qeyd

olunur.Novruzla bağlı məlumatlara qədim və orta əsrlərə aid bir çox yazılı qaynaqlarda rast gəlmək olar. Amma əsaslı araşdırmalar XIX əsrdən başlanır. Bu araşdırmalarda Novruzun genezisi və tipologiyası ilə bağlı mülahizələr geniş yer tutur. Məşhur şərqşünas Aleksandr Xodzko Novruzun hələ Zərdüşt dövründən bayram edildiyini yazır. Qərb şərqşünası A.Metsin “Müsəlman intibahı” kitabında isə belə bir qeyd var: “Müsəlman ruhaniləri nə qədər çalışdılarsa, Novruz bayramını nə qadağan etməyə, nə də ona dini don geydirməyə müvəffəq olmadılar. Xalq kütlələri bahar bayramı olan Novruzun qeyri-dini, azad xarakterini qoruyub saxladılar”.Bildiyimiz kimi radikal yönümlü bolşeviklər 1928-ci ildən başlayaraq dini və milli bayramlarda qarşı, o cümlədən də Novruz bayramına qarşı kəskin çıxışlar etdilər. Nəticədə keçmiş SSRİ ərazisində Novruz bayramı tamamilə qadağan edildi. Lakin xalqımızın qədim tarixə malik olan keçmiş dəyərlərini unutdurmaq heç də asan məsələ deyildi. Hələ Sovet hakimiyyəti dövründə kommunistlərin bu qadağalarına qarşı ciddi çıxışlar oldu.Ümummilli Lider Heydər Əliyev Novruzu milli birlik bayramı adlandırırdı. Bu baxımdan da ulu öndər qeyd edirdi ki, “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval – ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır”. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə öz çıxışlarında Novruz bayramının bizim “milli bayramımız, milli sərvətimiz” olduğunu qeyd etmişdir. Ölkə başçısı ənənəvi olaraq hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir və bayram tədbirlərində yaxından iştirak edir. Umummilli lider Heydər Əliyev deyib ki, “Azərbaycan xalqı ötən əsrlərin bütün ağır sınaqları içərisində dilini, dinini, mədəniyyətini saf bir şəkildə qoruduğu kimi, milli bayramlarını, o cümlədən Novruz bayramını da qoruyub saxlayıb, hər gəlişini çox böyük arzularla gözlədiyi bu bayramı tarix boyu həmişə əziz tutaraq, onu dərin ehtiram və məhəbbətlə qeyd edib. Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır”. Hamıya məlumdur ki, Novruz bayramı 2009-cu ildə müvafiq dövlət qurumlarının birgə səyi ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.  Daha bir xoş hadisə də BMT Baş Məclisi tərəfindən martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunmasına dair qərar qəbul edilməsi məsələsidir.Qarşıdan gələn xoş ovqatlı Novruz bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edir, firavan və sülh şəraitində yaşayan soydaşlarımıza xoşbəxt gələcək arzu edirəm

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir