Qürurla vurğulamalıyıq ki, Ümummili lider Heydər Əliyev 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan xalqını çox ağır bəlalardan hifz etdi, ölkənin müstəqilliyinin əldən getməsinin qarşısını aldı. Torpaqlarımızın daha geniş şəkildə zəbt olunmasına imkan vermədi, ölkəmizi dəhşətli vətəndaş müharibəsindən xilas etdi.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bu gün ölkəmizdə yeni mərhələdə həyata keçirilən islahatlarda və bu islahatların uğurla nəticələnməsi işində YAP və onun çoxsaylı üzvləri yaxından iştirak edirlər. Partiyanının hər bir üzvü ölkənin inkişafına öz töhfələrini verməyə çalışır. Azərbaycan tarixində qürurverici hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılması, gücünün günbə gün artması və ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli və özünə məxsus yer tutmuşdur. YAP-ın hər bir üzvü fəxr edir ki, ümummilli Lider Heydər Əliyevin yaratdığı partiyada təmsil olunur. Həm də fəxr edilir ki, partiyamıza üzv olmaqla ölkəmizin inkişafı siyasətində iştirak edirlər. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanının yeniləşməsi, müasirləşməsi və inkişafının daha da yüksəlməsinə yönəlmiş siyasətin gerçəkləşməsinə öz töhfələrini verirlər.
Partiamızın üzvlərinin sayı 710 min nəfərdən çoxdur. Bu, Heydər Əliyev ideyaları ilə silahlanmış, Prezident İlham Əliyevin rəhbərlyi ilə xalqa xidmət edən möhtəşəm ordudur. Bu ordunun əsas silahı Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsində iştirak etməsidir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Bu səhifənin yazılmasını şərtləndirən əsas amillər Ulu Öndərimiz tərəfindən qoyulan milli birliyimiz, milli həmrəyliyimiz olub.
– 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti və Azərbaycan Ordusunun igid, mərd, qorxubilməz döyüşçülərinin qəhrəmanlığı nəticəsində reallaşdı. Müharibənin gedişində hərbçilərimizin əhvali-ruhiyyəsinin və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunun və döyüş tapşırıqlarını böyük uğurla yerinə yetirdiklərinin şahidi olduq.2020-ci il Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi. Bu qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Milli Ordumuzun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş möhtəşəm qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir.
Tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycanın gələcəkdə də böyük nailiyyətlər qazanacağı şübhəsizdir.
Prezident İlham Əliyev xalqımıza verdiyi vədə Böyük Lider kimi əməl etdi, özünün də vurğuladığı kimi ata vəsiyyətini həyata keçirdi. Qarabağı işğaldan azad etməsi ilə 30 illik həsrətimizə son qoyan Ali Baş Komandanın həm siyasi meydanda, həm də döyüş meydanında necə güclü diplomat və sərkərdə olduğuna nəinki Azərbaycan xalqı, bütün dünya bir daha şahid oldu.
YAP Salyan rayon Təşkilatının fəal üzvü Malik Kərimov
