Bu gün Zəngilan artıq bərpa və dirçəlişin rəmzinə çevrilib

Baş səhifə


Zəngilan — Azərbaycanın ən qədim və füsunkar guşələrindən biridir. Qarabağ və Şərqi Zəngəzur bölgəsinin cənubunda, Araz çayının sahilində yerləşən bu diyar əsrlər boyu mədəniyyətin, ticarətin və təbiətin qovuşduğu bir məkan kimi tanınıb. Qədim abidələri, münbit torpaqları və zəngin təbiəti ilə Zəngilan Azərbaycanın tarixində özünəməxsus yer tutub. Vaxtilə Ağoğlan qalası, Hacıalı və Bartaz məbədləri, məscidlər, körpülər və qədim qəbiristanlıqlar ilə seçilən bu torpaqlar yüzillər boyu azərbaycanlıların yurd yeri olub.
Lakin 1993-cü ilin oktyabrında Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Nəticədə 30 ilə yaxın müddət ərzində şəhər və kəndlər tamamilə dağıdıldı, yaşayış binaları yandırıldı, meşələr kəsildi, təbiət talan edildi. Qədim Zəngilan yerlə-yeksan edildi və xalqımızın tarixi irsinə misilsiz zərbə vuruldu.
Bu ədalətsizlik 2020-ci ildə sona yetdi. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu oktyabrın 20-də Zəngilan şəhərini və rayonun bir çox kəndlərini işğaldan azad etdi. Bu hadisə xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı və Azərbaycan-İran dövlət sərhədinin nəzarətə götürülməsi ilə ölkəmizin strateji mövqeyi gücləndi. Bu, ərazi bütövlüyümüzün bərpasında həlledici mərhələ idi.
Müharibədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə start verildi. Zəngilan rayonu bu prosesdə pilot bölgələrdən biri oldu. İlk növbədə mina təmizləmə əməliyyatları həyata keçirildi və təhlükəsiz infrastruktur formalaşdırıldı. Qısa müddətdə Zəngilan şəhərinin Baş planı hazırlandı və dövlət başçısı tərəfindən təsdiqləndi.
Bu gün Zəngilan artıq Azərbaycanın “yaşıl enerji” və “ağıllı inkişaf” modelinin mərkəzlərindən biridir. Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi və bölgənin logistika imkanlarını genişləndirdi, Zəngilanı həm Qarabağ, həm Naxçıvan və Türkiyə ilə birləşdirən mühüm nəqliyyat mərkəzinə çevirdi. Ağalı “Ağıllı kənd” layihəsi isə azad edilmiş torpaqlarda inşa olunan ilk yaşayış məntəqəsi olaraq bölgədə yeni həyatın başlanğıcını simvolizə etdi. Burada ailələr müasir texnologiyalarla təmin olunmuş evlərdə yaşayır, kənd təsərrüfatı rəqəmsal əsasda idarə olunur, təhsil və səhiyyə xidmətləri yüksək standartlara cavab verir.
Bərpa işləri çərçivəsində Zəngilan şəhərində yeni yaşayış binaları, məktəblər, uşaq bağçaları, xəstəxana, mədəniyyət evi və inzibati binalar inşa olunur. Şəhərin mərkəzi küçələri abadlaşdırılır, yaşıl enerji və “sıfır tullantı” konsepsiyası tətbiq edilir. Zəngilan-Cəbrayıl-Qubadlı-Laçın avtomobil yolu və Zəngilan-Ağbənd dəmir yolu bölgənin iqtisadi inteqrasiyasını təmin edir. Sənaye parklarının yaradılması isə məşğulluğun artırılması və iqtisadi dövriyyənin genişləndirilməsinə töhfə verir. Bununla yanaşı, su anbarları, günəş elektrik stansiyaları və təbiət qoruqları Zəngilanın ekologiyasının bərpasına xidmət edir.
Bu gün Zəngilan artıq bərpa və dirçəlişin rəmzinə çevrilib. Burada görülən hər bir iş, salınan hər bir infrastruktur və tikilən hər bir bina Azərbaycan xalqının iradəsini və dövlətimizin qüdrətini əks etdirir. Prezident İlham Əliyevin Zəngilana səfərləri zamanı səsləndirdiyi “Biz qayıtmışıq və əbədi yaşayacağıq!” kəlamı artıq reallığa çevrilib. Bu gün Zəngilan təkcə bir rayon deyil, Azərbaycan dövlətinin gücünün, qətiyyətinin və gələcəyə inamının simvoludur.
Zəngilan yenidən qurulur, Zəngilan yenidən doğulur. Bu torpaqlarda həyat bərpa olunur və yaxın gələcəkdə Zəngilan Cənubi Qafqazın ən müasir, ekoloji təmiz və dayanıqlı şəhərlərindən biri kimi parlayacaq.

Xanım Hüseynova,
Salyan şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir