Deputat: “Taxıl ehtiyatının artırılması istiqamətində addımların atılması çox önəmlidir”

Cəmiyyət

İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır.

Təbii olaraq bu kimi məsələlər əhali arasında narahatlıq yaradır. Əsassız narahatlıqların qarşısının alınması məqsədilə Nazirlər Kabineti minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında qərar qəbul edib.

Qərarda məqsəd daxili bazarın qorunması və bu sahədə sabitliyin təmin olunmasıdır.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin qərarını Oxu.Az-a şərh edən deputat Müşfiq Məmmədli bildirib ki, dövlət bu istiqamətdə əhalinin rifahının yaxşılaşdırılmasını prioritet olaraq qarşıya qoyub:

“Bu istiqamətdə dövlət ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin ərzağa olan tələbatının və minimal ehtiyaclarının təmin olunması üçün tədbirlər görür. Həmin tədbirlərin mahiyyətində yerli istehsalın stimullaşdırılması, qeyri-neft sektorunun inkişafı, o cümlədən də kənd təsərrüfatında aqrar sahənin inkişafı mühüm yer tutur. Subsidiyaların verilməsi özü də bu istiqamətdə görülən işlərə bariz nümunədir.

Kənd Təsərrüfatında, xüsusilə dənli bitkilərin yetişdirilməsində stimullaşdırıcı tədbirlərin həyat keçirilməsini xüsusilə vurğulamaq lazımdır. Ərzaq təminatının digər, bizim üçün qeyri-ənənəvi olub idxaldan asılılığı daha çox onlar sahələrin inkişafı üçün önəmli addımlar atılıb.

Bundan başqa tədarük olaraq yalnız xammal yox, həm də emal müəssisələrinin özlərinin formalaşdırılması vacibdir. Bu, fermerlərin öz istehsal etdikləri məhsulları bazara çıxararkən realizə olunmasında, nisbətən rentabelli qiymətlərin formalaşmasında və istehsal sahələrinin inkişafı baxımından çox önəmlidir.

Digər tərəfdən ixrac edilən gündəlik tələbat məmulatlarının tənzimlənməsi ilə yanaşı həm də istehsalın artırılmasının stimullaşdırılması vacibdir. Xüsusilə son illərdə pandemiyanın yaratdığı vəziyyət ərzaq təhlükəsizliyini ön plana çıxardı. Hər bir ölkə öz təminatını yaxşılaşdırmaq üçün müxtəlif addımlar atdı. Azərbaycan da bu istiqamətdə kifayət qədər effektiv qabaqlayıcı tədbirlər həyata keçirdi”.

M.Məmmədli onu da qeyd edib ki, dövlət bu sahədə bir sıra strateji addımlar atıb:

“İstehsalın stimullaşdırılması, istehsal olunmuş məhsulların emalının artırılması və nəhayət daxili bazarın qorunması istiqamətində administrativ müəyyən məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Bunların hər biri ayrı-ayrılıqda da müəyyən effekt verir. Tədbirlərin kompleks halda icrası isə ərzaq təhlükəsizliyinin qorunmasında mühüm addım olmaqla yanaşı, qeyri-neft istehsalı sahələrinin inkişafına gətirib çıxaracaq. Hazırda bütün dünya ölkələri üçün taxıl məhsullarının istehsalı, ona uyğun ehtiyatın yaradılması və bu ehtiyatdan səmərəli istifadə çox önəmlidir. Bu gün, xüsusilə Ukrayna-Rusiya arasındakı münaqişə çərçivəsində taxıl və taxıl məhsullarının ehtiyatının artırılması istiqamətində addımların atılması çox önəmlidir”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir