Aktyor: “Tamaşaçı ikinci şansı vermir” – MÜSAHİBƏ

Cəmiyyət

Aktyor, ssenarist, prodüser Azər Aydəmir: “Kino, serialda da çərçivələri dağıtmaq lazımdır. Mən necə istəyirəm, o cür yazmalıyam, o cür oynamalıyam”
 
Bu gün film sektorunda qəribə bir çaxnaşma var. Filmlər çəkilir, ortaya işlər qoyulur, yaxşı və ya pis olmasından asılı olmayaraq sektor inkişaf etməkdədir. Bu, ruh, stimul verir. Sektorda yeni simalar görünür, parlayır. Onlardan aktyor, ssenarist, prodüser Azər Aydəmir də özünəməxsusluğu, fərqliliyi və həm də obraz müxtəlifliyi ilə seçilir. Qısası, müsahibim Azər Aydəmirdir.

Kaspi qəzetinin Azər Aydəmir ilə müsahibəsini təqdim edirik:

Obraz rəngarəngliyi, ampluaya sığmama

Azər obraz rəngarəngliyindən danışdı: “Mahmud və Məryəm” filminin çəkilişi zamanı torpaqdan saray qurulur, saray dağılır və aktyor Aras Bulut İynemli ağlayır. Filmin bu hissəsi 12 dubla çəkilir. Hər dəfə o saray dağılır və o eyni cür ağlayır. Bizim aktyorlardan biri ona yaxınlaşır və ciddi-ciddi sual verir: “Sən 12 dublda necə eyni cür ağladın?” Aras cavab verir: “Oyuncuyum da, ondan”. Yəni bu, bizim işimizdir. Fərqli obrazlar yaratmaq. Mən ssenariyə, rejissora “OK” vermişəmsə, buna hörmətlə yanaşıram.


 Çox böyük təəssüf hissi yaşayıram. “Youtube”da yeni Azərbaycan filmlərinin şərhlərini oxuyuram. Tutalım ki, Rasim Cəfərlə Günəş Mehdizadənin hər hansı bir oyununu şərh edirlər. Əgər 5000 şərh varsa, 4999-u budur ki, nə gözəl oynayırlar. Qız nə yaxşı ağladı. Siz heç Bred Pit, yaxud da hər hansı başqa Hollivud aktyoru haqqında “ay nə yaxşı oynayır” yazıldığını görmüsünüz? Bu, onun işidir də, oynamalıdır. Oynaya bilmirsə, deməli, onu çəkən axmaqdır”.

Tamaşaçıların inamı yoxdur…

“Tamaşaçılardan narazısınız?” sualıma isə aktyor belə cavab verdi: “Bəzi tamaşaçılardan narazıyam, amma əlbəttə ki, hamısından yox. Mən özüm də teleməkanı izləyən bir tamaşaçıyam. Onları da başa düşürəm, inam yoxdur. 30 il ərzində teleməkan və kino sənayesi elə vəziyyətə gəldi ki, bütün ölkənin proseslərinin ən axırına salındı. Filmin altından mənə belə bir şərh yazıblar: “Mən elə bilirdim Azərbaycanda “Bəyin oğurlanması”ndan sonra film çəkilməyib”. Təsəvvür edirsiniz? Tamaşaçının nə inamı var, nə də xəbəri ki, filan qədər film çəkilib. Hə, bir də ki, əsas məsələ! Tamaşaçılarımızın çoxu “önyarğılıdır”. Onlardan çox narazıyam. Nəinki Azərbaycan mədəniyyətindən, hər bir məhsulundan – konfetindən tutmuş meyvəsinə kimi – hər şeydən narazı və önyarğılı bir kütlə var.

Tamaşaçıların bir qismi isə yaxşı layihələrlə yanaşı, bərbadlarını da görüb. “Yumurta” filmini görən tamaşaçıya mən ha yalvarsam da ki, nolar bir dəfə də “Zəhər tuluğu”na bax,  “Axınla aşağı”ya bax, bir başqa yaxşı serialımız var, ona bax, baxmaz. Əlini-qolunu bağlamasan, baxmaz. Mən bu məqamda tamaşaçını başa düşürəm. Çünki təəssürat bir dəfə və birinci dəfə formalaşır. Tamaşaçı çox qəddar yanaşır və ikinci şansı vermir. Sırf incəsənət sahəsindən gedir söhbət. Tamaşaçının içində həm də bir qərəz də var. Bəziləri axtarır ki, görüm nə tapım ki, söyüm, içimdəki neqativi boşaldım”.
 

“Yorğanı üstümüzə dartmaq problemimiz var”
 
“Film sektoru inkişaf mərhələsindədir”, – deyir Azər Aydəmir. O, bu mövzuda nikbindir: “Prosesin içində olduğum üçün gənclərin, dövlətin sırf mədəniyyət sahəsində nə etmək istədiklərini bilirəm. Mənə elə gəlir ki, sürətli inkişaf prosesindəyik. Bu sahə çox qısa zamanda yaxşı mənada təəccübləndirəcək tamaşaçını”.

Aktyor maddi məsələlərdən də danışdı: “Bu, futbol kimi kollektiv işdir. Futbolumuz necədirsə, kollektiv işimiz də elədir. Yorğanı üstümüzə dartmaq kimi problemimiz var. Amma bunu da deyim ki, elə kollektivlər var ki, yaradıcı cəhətdən birgə işləyir, bir yerə vururlar. O kollektivlər reklam sahəsində, kreativ şirkətlərdə işləyir. Reklamlarımız super olmasa da, yaxşıdır. Artıq reklam bazarında istənilən məhsulun təqdimatına çarx çəkmək üçün bizə xaricdən kömək lazım deyil. Rejissor, ssenarist, aktyorlar bir arada qızğın müzakirə aparırlar və ortaya nəticə qoyurlar. Həmin reklamda işləyən kollektivlərə çağırış edirəm: bilirəm, orda çox pul qazanırsınız. Amma barı gəlin kollektiv zəhmətinizi kino, serial sahəsinə də yönəldin. Heç olmasa ildə bir dəfə. İnanıram ki, o komandalarda bu da çox gözəl alınacaq. Bəzən nəyisə maddiyyata bağlayırlar. Mən belə düşünmürəm. Biz çox səs-küyə səbəb olan “Pərdə” filmini 16.000 manata çəkmişdik. Bu film vaxtında janr etibarı ilə lokomotiv oldu, həvəsləndirdi, janra inamı qaytardı. Bu stilistikaya uyğun film və seriallar ortaya çıxdı. Sanki mövzu qadın dır-dırından zorakılığa keçdi”.


 “Xalq hazırda mədəniyyətimizə yuxarıdan aşağı baxır” 

Azər Aydəmir sektordakı əsas problemdən də danışdı: “Fikrimcə, mədəniyyət sahəsində – kino, teatr, serial sektorunda əsas problem imic məsələsidir. Biz xalq olaraq ya çox ucuza, ya çox bahalıya qaçırıq. Biz dəyər verməyi sevirik, tez bezirik və əgər imkanımız varsa, özümüzə ən yaxşısını qıyırıq. Orta statistikliyi çox da sevən deyilik. İndi incəsənət sahəmiz çox kasıb, çox aşağı səviyyədədir. Ümumən, xalqın düşüncəsi budur ki, aktyor yazıqdır, kasıbdır, dolana bilmir. İmic formalaşmalıdır. Kübarlığın, nəcibliyin okeanı kimi yanaşmalıdırlar aktyora. Bu imici formalaşdırmaq üçün deyəcəksiniz ki, pul lazımdır. Xeyr. İmici yalandan formalaşdırıb maliyyə cəlb etmək olar. Bunun gözəl nümunəsi instaqram fenomenləri, bloggerlərimizdir. Məsələn, onlar həmin o imici fotolar, bahalı məkanlarda şəkil çəkdirməkləri ilə, guya, gözəl həyat tərənnüm etməklə yalandan qazanıblar. Onlara heç belə reklam lazım deyildi, amma ediblər. Görün buna incəsənətimizin necə ehtiyacı var. Xalq hazırda mədəniyyətimizə yuxarıdan aşağı baxır. Teatrlarda 8 manatlıq biletlər yığışdırılmalıdır. Qiyməti 50-80 manat olmalıdır. Qoy zal boş olsun, 30 nəfər bahalı geyimlərdə adam gəlsin, şəkil çəksinlər, paylaşsınlar. Madam aldanmağı sevirlər, qoy elə belə olsun. Yəni bütün bu sahəni süni şəkildə bahalaşdırmaq, kübarlaşdırmaq, nəcibləşdirmək lazımdır. Bunu ayrıca fərdlər edə bilir”.

 
Teatrlarda nə çatmır?

“Teatrı kino sahəsindən üstün görmək istəyirəm” – deyir Azər bəy. Onun fikrincə, indiki dövrdə teatrların əsas problemi rəqəmsallaşa bilməmələridir: “Teatr məbəddir” deyirlər. İstəyirəm bu, təkcə aktyorlar üçün yox, hamı üçün belə olsun. Repertuarı qoyaq bir tərəfə. Hətta marketin də sosial şəbəkələrdə səhifəsi var. Düzdür, indi teatrların səhifəsi var, amma kreativ, cəlbedici, maraqlı olması sual doğurur. Teatrların sosial şəbəkələrdə rəqəmsallaşması ilə yanaşı, orda da PR işləri görülməlidir. 

Yanvarın 1-i Moskvada axşam saat 11-in yarısında teatrlar olan küçədə gəzişirdik. Teatrların qarşısında 30-35 nəfərdən ibarət növbə vardı. Həmçinin də gözəl geyimli, gözəgəlimli xanımlar –  küçədə bir-bir yaxınlaşıb gecə seanslarına dəvət edirdilər. Bayram günləri idi deyə, teatr gecə də işləyirdi. Orda bu mədəniyyət çox yüksək səviyyədədir. Bundan başqa, bizdə teatrların xarici görünüşündə də problem var. Məncə, teatr binası şən, rəngarəng, seçilən olmalıdır”.

 
“Süni çaxnaşma yaradıb insanları teatra cəlb etmək lazımdır”

 Azər Aydəmir teatrlardakı yeniliklərə də münasibət bildirdi: “Tamaşaçı kimi deyəcəm. İlqar Fəhmi və Mehriban Ələkbərzadə Dram Teatrının səhnəsində “İskəndərə yeni namə” tamaşasını qoydular. Onların bu təşəbbüsü möhtəşəm idi. Yeni baxış gətirdilər. Rus Dram Teatrında da bir neçə dəfə olub, Kamran Şahmərdan edib. İlham Qasımov “Cırtdan”ı böyük teatr fenomeni etdi. Məncə, lazımdır. Qəlibləşmiş, klassikanı sevən auditoriya, çox güman ki, bunu başa düşməyəcək, etirazlar olacaq. Qoy olsun, iki cəbhə arasında mübahisə düşsün. Süni çaxnaşma yaradıb insanları teatra cəlb etmək lazımdır.  Ümumiyyətlə, indiki dövrdə hər cür eksperimentə razıyam”.

Azər bəy başqa bir problemə də toxundu: “Tutalım, yerli mebel fabrikində iki usta işləyir, stol düzəldirlər. Ayağını həmişə şurupla bağlayıblar, bu dəfə fikirləşirlər ki, iplə bağlayaq. Dizayn dəyişsin, fərqli bir şey olsun. Müdir gəlir ki, qurtarın da, nə uzadırsınız, bu işi təhvil verməlisiniz axı. Usta deyir ki, bunu iplə bağlamaq istəyirəm, fərqli olsun. Müdir nə deyir? Deyir ki, bunu yaradan italyandan yaxşı biləcəksən? Bağla, təhvil ver işi. Bax, budur problem. Serial, film çəkilir burda, deyirlər ki, sən bunu türklərdən yaxşı edəcəksən? Əslinə qalsa, türk serialları heç ilk onluqda da yoxdur. Biz bütün sahələrdə beləyik. Nəyə əlimizi atsaq deyirik ki, yaxşı olmayacaq. Düşünürük ki, filan sahədə filan ölkə liderdir. Hə, tutalım liderdir. Amma hələlik. Məsələn, indi maşın bazarında Almaniya liderdir, amma 5 ilə Çin lider olacaq. Kino, serialda da çərçivələri dağıtmaq lazımdır. Mən necə istəyirəm, o cür yazmalıyam, o cür oynamalıyam”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir