“Nə? Harada? Nə zaman?” oyunu üzrə “I Vəkil Kuboku” təşkil olunub

Cəmiyyət

12.03.2022-ci il tarixində “Badamdar estates” mehmanxanasında Vəkillər Kollegiyasının üzvləri arasında intellektual oyunların təşviq edilməsi və vəkillərin intellektual bacarıqlarının nümayiş etdirilməsinə şərait yaradılması məqsədilə Vəkillər Kollegiyası tərəfindən “Nə? Harada? Nə zaman?” oyunu üzrə “I Vəkil Kuboku” təşkil olunub.
 
Tədbirdə Kollegiyanın rəhbərliyi, Gənclər və idman nazirinin müavini və “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev, 100-dən çox vəkil iştirak edib.
 
Turnirin əsas məqsədi vəkillərin asudə vaxtının səmərəli təşkili və intellektual yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, qoyulmuş problemlərin həllinə qeyri-standart yanaşmanın stimullaşdırılması, yaradıcı yanaşma vərdişlərinin stimullaşdırılmasına dəstək verilməsi, intellektual oyunlar hərəkatının kütləviləşməsi və s. bu kimi bir sıra məqsədləri özündə ehtiva edir.
 
Tədbirdə açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov qeyd etmişdir ki, “Vəkillər arasında belə bir turnir ilk dəfədir ki, keçirilir, hətta deyərdim ki, hüquq sahəsindəki qurumlar sırasında bu bir ilkdir və çox sevindirici haldır ki, bu oyuna həm vəkillərimiz, həm də ictimaiyyət tərəfindən çox böyük maraq göstərilib. Onu da qeyd edim ki, qeydiyyat dövründə pandemiya ilə əlaqədar mövcud olan say məhdudiyyətinə görə yalnız ilk qeydiyyatdan keçən komandaları dəvət edə bilmişik. Lakin inanıram ki, Kollegiya üçün intellektual yarışlar bir ənənə halını alacaq və gələcəkdə oyunları daha geniş miqyasda təşkil edəcəyik”.
 
A.Bağırov həmçinin qeyd etmişdir ki, “Hal-hazırda Turnirdə 17-si Bakı, 4-ü regional bürolarımızdan və “Yüksəliş” müsabiqəsinin qalib və finalçılarından ibarət 1 qonaq komanda olmaqla ümumilikdə 22 komanda iştirak edir. Vəkillər arasında intellektual oyunların təşviq edilməsi və vəkillərin intellektual bacarıqlarının nümayiş etdirilməsinə şərait yaradılması Kollegiyanın gündəmində olan məsələlərdəndir. Nəzərə alsaq ki, istənilən ölkədə vəkillər öz peşə fəaliyyətlərindən əlavə cəmiyyətin intellektual və yüksək erudisiyalı təbəqəsi olmaqla fərqlənirlər, Kollegiyanın üzvləri etik qaydalar və dünya görüşü ilə cəmiyyət üçün bir nümunə olmalıdırlar. Bu baxımdan, tədbirin Azərbaycan vəkilliyi üçün çox əhəmiyyətli olduğunu hesab edirəm.”
 
O cümlədən, açılış nitqi ilə çıxış edən Gənclər və idman nazirinin müavini və “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev son illərdə vəkillik sahəsində aparılan islahatları yüksək dəyərləndirmiş və Vəkillər Kollegiyasının həyata keçirdiyi işlər nəticəsində Azərbaycanda vəkillik institutunun nüfuzunu artdığını qeyd etmişdir. F.Hacıyev Yüksəliş komandasının turnirə dəvət etdiyinə görə Anar Bağırova görə təşəkkür etmiş, iştirakçılara uğurlar arzulamış və bu tip intellektual yarışların davamlı keçiriləcəyinə inandığını qeyd edib.

Daha sonra, 3 turdan ibarət turnir öz fəaliyyətinə başlamış və turnirin nəticələrinə görə, “BM-Prospekt” komandası “I Vəkil Kuboku”nun qalibi olmuşdur. “Femida” komandası 2-ci, “Ədalət” komandası 3-cü, “14 saylı VB” komandası 4-cü, “3,14” Yüksəliş komandası isə 5-ci yerdə qərarlaşıb.

Sonda təltifetmə mərasimi baş tutmuş və ilk 3 yerin qalib komandalarına müvafiq sertifikat, kubok və “Libraff” kitab mağazasından hədiyyə kuponları təqdim edilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.