Ekrana dikilmiş gözlər: Texnologiyaların inkişafı həyatımıza necə təsir göstərir? – ARAŞDIRMA

Cəmiyyət

Hər gün işə gedəndə ictimai nəqliyyatda telefona zillənmiş gözlərlə qarşılaşırıq. Kimi sosial şəbəkələrdədir, kimi xəbər saytlarında, kimi də oyun oynayır və s. Və bir də telefonda PDF formatlı kitablardan dərs oxuyan tələbələr. Aydındır, texnologiya inkişaf edir və artıq telefonumuz həm də kitabı əvəz edir. Yaxşı, bəs bu texnoloji yenilik sağlamlığa necə təsir edir?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Tələbə Türkan Hüseynli bildirir ki, dərsləri telefondan oxumağın üstün tərəfləri var:

“Məsələn, mən kitabdan dərsi daha gec oxuyub mənimsəyirəm, nəinki telefondan. Digər tərəfdən, hər PDF formatlı mövzunun kitab nəşri olmur. Universitetdə bizə mövzu, kitab adı verirlər. Bir mövzuya görə bütün kitabı əldə etmək mümkün deyil. İnternetdən axtarıb tapmaq daha asandır. Harasa getdikdə kitabları özünlə daşımaqdansa, PDF ən yaxşı vasitədir”.

T.Hüseynli deyir ki, telefonda davamlı dərs oxuyanda gözlər çox yorulur:

“Çox oxuyanda gözlərimdə bulanıqlıq, yorğunluq, sulanma olur. Bunun qarşısını almaq üçün arada fasilə verirəm. Məsələn, bir saat oxuyuramsa, bir neçə dəqiqə fasilə verirəm, havaya çıxıram, üzümə su vururam, çay içirəm. İstirahət etdikdən sonra narahatlıq yavaş-yavaş keçib gedir”.

Təhsil eksperti Kamran Əsədov deyir ki, dünya təhsil sistemi artıq elektronlaşıb:

“Dünya universitetlərinə baxsaq, görərik ki, tələbələri elektron resurslar, qiymətləndirmə materialları ilə təmin ediblər. Orada onlayn qaydada tədrisin keyfiyyətinin yoxlanılması belə mümkündür”.

Təhsil eksperti bildirir ki, Azərbaycanda ali təhsil müəssisələrinin kitabxanaları zəngin deyil:

“Hər bir tələbəyə çata biləcək qədər kitab resursu yoxdur. Bir fakültənin 100 tələbəsi eyni vəsaiti istəsə, onları təmin etməyə kitab çatmaz”.

Kamran Əsədovun sözlərinə görə, pandemiya şəraitində tələbələr telefondan daha çox istifadə etməyə başladılar:

“2020-ci ilin martından ölkədə pandemiyadır və tədris onlayn həyata keçirilir. Müəllimlər mühazirə mətnləri, köməkçi vasitələri tələbələrə elektron formatda verirlər. Onlayn rejimdə tələbələr materialları kompüter, planşet, telefondan oxuyurlar”.

K.Əsədov deyir ki, elektron vəsaitlərdən öyrənilən dərs kitab qədər yadda qalmır:

“Dünya təcrübəsi, tədqiqatlar göstərir ki, kağız daşıyıcılardan – kitablar, jurnallar, monoqrafiyalardan istifadə edən tələbələrin bilikləri daha güclüdür. Kompüter, planşet, telefon üzərində hər hansı qeyd apara bilmirlər və göz yaddaşları yaxşı olmur”.

K.Əsədov bildirir ki, telefondan istifadə müəyyən qədər fiziki və zehni problem yarada bilir: “Monitorinq aparanda gördük ki, tələbələrdə görmə problemi, onurğa sütunu əyriliyi ortaya çıxıb”.

Oftalmoloq Emil Yusifov deyir ki, texnologiya əsridir və kompüter, telefon istifadəsi nəticəsində yaxını görmək üçün hazırlanan eynəklərə tələbat artıb:

“Əvvəllər sadəcə kitab oxumaq, yazı yazmaq üçün istifadə edirdik. İndi gənclər dərs oxumaq üçün də telefonlardan daha çox istifadə etməyə başlayıblar. Bu zaman, bəzən telefonu gözə çox yaxın tuturlar ki, bu da mənfi təsirini göstərir”.

Emil Yusifov bildirir ki, hərəkət edən vasitə – avtomobil, qatar, avtobusda dərs oxuyanda göz və beyin tez yorulur:

“Nəqliyyat vasitəsi hərəkətdə olanda, təbii ki, titrəmə baş verir. Titrəmə əlimizdə olan vasitəyə də təsir edir və oxuduğumuz zaman hərflər oynamağa başlayır. Bu da gözdə xırda hərəkətlərə gətirib çıxara bilər. Belə hal həm informasiyanı qəbuletmə keyfiyyətini azaldır, həm də gözü və beyni tez yorur. Məsələn, insan bir saat oxuyub yorulacaqsa, on dəqiqəyə yorulur. Ona görə, sabit bir yerdə oxumaq lazımdır. Sabit bir sürət varsa, o zaman oxumaq problem deyil”.

E.Yusifovun sözlərinə görə, elektron vasitələrə çox baxmaq səhhətimizdə müəyyən problemlər yaradır:

“Əgər telefonu 20-30 dəqiqə 20 santimetrdən daha yaxına tutub istifadə edəndə baş və göz ağrısı olursa, həmin insan həm astiqmat, həm də miopiya problemindən şübhələnə bilər. Aparılan elmi araşdırmalar göstərir ki, uzun müddət mobil telefonla danışmaq, onu başa yaxın tutmaq beyin xərçəngi ehtimalını çoxaldır”.

E.Yusifov bildirir ki, telefon kimi vasitələr şüalanma mənbəyidir:

“Adi internet istifadəsi sırasında da telefonun bütün vücuda zərəri var. Xüsusən də 4 və 5G texnologiyaları köhnələrə görə daha zərərlidir. Ona görə də, istifadə zamanı nə qədər bədənə yaxın tuturuqsa, zərərverici effekti yüksək olur. Texnologiyalar gözdən çox, beyinə zərər verir”.

E.Yusifov deyir ki, orqanizm axşamlar sakit rejimdə və daha az fəaliyyətdə olur. Elektronika vasitələrində ağ işıq istifadə etdiyimiz zaman bədən oyanır və gecə rejimində işləmir:

“Bu, yuxunu gec gətirə bilər və nəticədə bir neçə gün və ya həftələr sonra özümüzü yorğun hiss etməyə başlayacağıq. Ona görə, axşamlar elektronika vasitələrindən gecə rejimində istifadə etmək məsləhətdir”.

Son olaraq oftalmoloq məsləhət verdi ki, telefon istifadə etdikdə, 20 sm-dən daha yaxın tutmayaq, titrəmə olmayan mühitdə oxuyaq, daha çox planşet kimi vasitələrdən istifadə edək.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.