Bakıda dünyaya göz açmış, hazırda Odessada yaşayan qadın: “Həyat bir daha əvvəlki kimi olmayacaq”

Cəmiyyət

“Hazırda Ukraynada baş verənlər haqda xəbərləri oxumaq təkcə qorxulu deyil, həm də ağrılıdır. Mən bizim xalqımızın nümayəndələrinin həyatı üçün çox narahatam. Bu dəhşətli müharibədən əziyyət çəkənlər üçün ürəyim parçalanır”.

Ukraynanın Odessa şəhərindən olan ekskursiya rəhbəri Aleksandra Matveyeçeva  Media.Az-a öz doğma şəhərində cərəyan edən son hadisələr barədə danışıb.

Aleksandra Matveyeçeva Bakıda anadan olub, lakin Birinci Qarabağ müharibəsi başlayandan sonra valideynləri ilə birlikdə Ukraynaya köçüb. Ölkədəki çətin vəziyyətə baxmayaraq, o və əri Ukraynanı tərk etməyi planlaşdırmırlar. Onlar imkan daxilində şəhər sakinlərinə, hərbçilərə köməklik göstərir, həmçinin sahibsiz heyvanları da unutmurlar.

“Fevralın 24-də səhər saat 5-də ərim məni yuxudan oyadıb dedi ki, Rusiya ordusu Ukraynaya hücum edib. Bunun ardınca mən partlayış səsləri eşitdim. Sonra məlum oldu ki, həyat heç vaxt əvvəlki kimi olmayacaq”, – Aleksandra Matveyeçeva hadisələrin əvvəlini xatırlayarkən bildirib.

Onun sözlərinə görə, Odessada hər gün hava hücumu ilə əlaqədar həyəcan siqnalı səslənir və hazırda ölkədə “iki divar qaydasını” bilməyən yoxdur.

Bu qaydalarda qeyd olunur ki, raket hücumu zamanı divarlar arasında gizlənmək lazımdır: birincisi xarici hissə olan pəncərə tərəfdir (bura partlayış gücünü öz üzərinə götürür), ikincisi isə otaqlar arasında (dağıdıcı nəticələr olsa da, ora toxunulmaz qalır) olan hissədir.

“Əgər hərbçilərimiz mütəmadi olaraq Rusiya pilotsuz təyyarələrinin və raketlərinin qarşısını almasaydılar, hansı miqyasda hava hücumlarına məruz qalacağımız məlum olmazdı. Təsəvvür edin ki, hər an sığınacağa qaçmağa hazır vəziyyətdə olmalıyıq. Bir çoxları mənzillərinin dəhlizlərində yatırlar. Ərimlə mənim üçün ən yaxın və təhlükəsiz yer evimizdəki pilləkənin altıdır”, – Aleksandra Matveyeçeva söyləyir.

Ekstremal hal üçün isə həmsöhbətimizin bel çantası hazır vəziyyətdədir. Oraya fövqəladə hallarda sağ qalmaq üçün lazım olan əşyalar yığılır. A. Matveyeçeva bel çantasına sənədlərini, ilkin tibbi yardım çantasını, su, konserv və pişik yemi qoyub:

“Bizim iki pişiyimiz var, onlar həmişə qoşqulu qayışlarda olur ki, lazım gələrsə, tez onları da götürüb birlikdə çıxa bilək. Biz həmçinin sahibsiz qalan heyvanları da yemləyirik”.  

A. Matveyeçeva digər könüllülərlə birlikdə Ukrayna ordusuna göndərilən kamuflyaj çadırları toxuyur.  Bundan əlavə, xanım hərbi hücum zamanı davranış taktikası və ilkin tibbi yardım göstərilməsinə aid dərslərdə iştirak etmək istəyir. Amma orada iştirak üçün növbələr artıq əvvəldən tutulub. Onun sözlərinə görə, şəhərdə böyük humanitar yardım qərargahı yerləşdirilib və digər bölgələr də yardımla təmin olunur.  Restoranlar əsgərlər üçün yemək hazırlayır, yerli müəssisələr isə isti paltarlar və yataq çantaları tikib pulsuz paylayır.

“Bizim xalqımızda birlik var. Mən bu birliyə heyranam. Burada orduya, ərazimizin müdafiəsini təşkil edənlərə, məcburi köçkünlərə kömək edən, barrikadalar və tank əleyhinə metal kirpilər quran nə qədər könüllülərimiz var”, – deyə müsahibimiz qeyd edir.

Ekskursiya rəhbəri söyləyir ki, şəhərin rəhbəri olmuş və Odessanın əsas simvollarından biri hesab edilən Dyuk de Rişelyenin abidəsi qum torbası ilə örtülüb ki, zərər görməsin.

Həmçinin yaşayış məntəqəsində komendant saatı və “quru qanun” (talan və xuliqanlığın qarşısını almaq üçün spirtli içkilərin istifadəsinə, satışına və istehsalına qadağa) tətbiq edilib.

A. Matveyeçeva həmçinin bildirdi ki, uşaqlı rəfiqələrinin hamısı Odessanı artıq tərk edib. Lakin o, öz doğma şəhərini tərk etmək istəmir:

“Təxliyə üçün imkan olsa da, belə bir istəyim yoxdur. Mənim evim və mənim üçün doğma olan hər şey buradadır. Mən hiss edirəm ki, olmalı olduğum yerdəyəm”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.