Tarix boyu həmişə birləşməyi bacaran, həmrəylik nümayiş etdirən millətlər, xalqlar qələbəyə nail ola biliblər. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyası, müdrik, uzaqgörən siyasəti ətrafında birləşib dəmir yumruğa çevrilən xalqımız məhz milli birliyi sayəsində böyük Zəfər qazandı. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, cəmiyyətimizin bütün üzvləri, xüsusilə gənclər bir əsgər kimi vuruşdular, şəhid oldular. Bu güc, bu qüdrət milli həmrəyliyimizdən, birlik və dostluğumuzdan, doğma Vətənin hər qarış torpağına sərhədsiz sevgidən irəli gəlir. Bu gün qalib xalq kimi sonsuz qürur hissi keçiririk.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs milli birliyimizin güclənməsini və Vətən müharibəsində mühüm amilə çevirilməsini şərtləndirdi. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Təbii ki, bu qələbəni şərtləndirən amilləri sadaladığımız zaman bir mühüm məqama – əsası ulu öndərimiz Heydər Əliyev tərəfəindən qoyulan milli birliyimizə, milli həmrəyliyimizə xüsusi önəm verməliyik. Milli – mənəvi dəyərlər Azərbaycan xalqının milli sərvətidir. Bu mənada, xalqımızın sarsılmaz birliyi məhz milli – mənəvi dəyərlərimizə söykənir. 2020 – ci il sentyabrın 27 – də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı əks-həmlə əməliyyatları başlayan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqlərindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qələbə uğrunda mübarizəyə qoşuldu. Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar, siyasi partiyalar, qeyri – hökumət təşkilatları dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdi. Qarabağın azadlığı uğrunda mübarizəni dəstəklədiyini bəyan etdi. Bu, bəlkədə bəşər tarixində görülməmiş bir hadisə idi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda “dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi qələbəmizin təminində əhəmiyyətli rol oynadı.
Bü gün biz hamımız sevinc, qürur içərisindəyik. Bu gün lider ətrafında birləşən xalqımız və onun oğulları növbəti tarixi zəfərə imza atdı. Bu il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi oldu. Bu, bir daha Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu.
Daha bir tarixi an isə oktyabrın 15-də – dövlətimizin başçısı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyində yaşandı. Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Bu qürurverici hadisəni bütün Azərbaycan xalqı böyük sevinclə izlədi. Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Dövlət Bayrağımızın nümayiş etdirilməsi tariximizin şanlı səhifələrinə əbədi həkk olundu.
İstər Vətən müharibəsi, istərsədə Qarabağda uğurlu lokal xarakterli antiterror tədbirləri bizi sevən və sevməyən hər kəsə birliyimizi, həmrəyliyimizi göstərdi. Sübut etdi ki, milliyyətindən, dilindən və dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin bütövlüyü naminə yumruq kimi birləşməyə, canını fəda etməyə hazırdır və qadirdir. Heç kim aramıza nifaq toxumu səpib bizi ayıra bilməz. Zəfərimiz həm də buna görə əhəmiyyətlidir, bu qədər dəyərlidir.
Tural Tarverdiyev,
Salyan rayon Kürqaraqaşlı kənd inzibati
ərazi dairəsi üzrə nümayəndənin müavini, YAP fəalı