Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycana təxliyə olunanlardan biri də 44 günlük Vətən müharibəsi şəhidinin ailə üzvü Zərifə Muxtarovadır.
Ukraynadakı hadisələr fonunda ağır günləri geridə qoyan Zərifə xanım ölkəyə qayıdışı ilə bağlı Modern.az-a danışıb.
O, Ukraynaya müharibədən 5 gün əvvəl həyat yoldaşı ilə birgə getdiyini bildirib:
“Müharibə başlayanda xilas olacağımıza inanmırdıq. Bizi hərbi hissəyə yerləşdirdilər. Çöllərdə donub ölürdük. Moldovada bizi isti yerə yerləşdirdilər, yeməklə təmin etdilər”.
Hazırda Gəncədə öz evində olduğunu bildirən Zərifə xanım müharibənin qan-qadasını çox yaxşı bildiyini deyib:
“Qaynımın oğlu Sərxan Muxtarov Vətən müharibəsində şəhid olub. Biz bir evdə yaşayırıq. Sərxanın anası Çimnaz xanımla bir böyütmüşdük Sərxanı. Oğlanlarımız qardaş kimi böyüyüb. Öləndə də bir öldülər. Sərxan müharibədən sağ-salamat qayıtdı. Müharibədən sonra minaya düşüb dünyasını dəyişdi. Oğlum Asim Sərxanın dəfn günü onun ölümünə dözmədi, ürəyi partlayıb öldü. Onu da onun yanına basdırdıq”.
Qeyd edək ki, Sərxan Muxtarov 2009-cu ildə “Motoatıcı” ixtisası üzrə ali hərbi təhsilini aldıqdan sonra leytenant ilkin hərbi zabit rütbəsi alıb.
Vətən müharibəsi dövründə mayor Sərxan Muxtarov Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin tərkibində Ağcabədi, Ağdam, Qazax, Qubadlı və Sərhəd Qoşunlarında hərbi xidmətdə olub.
O, Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Vətən müharibəsi bitdikdən sonra Qubadlı rayonunda xidmətini davam etdirən tabor komandiri Sərxan Muxtarov 12 yanvar 2021-ci ildə həmin yerdə vəzifə başında minaya düşərək şəhid olub. Sürücüsü əsgər Məcid Səfərov isə həmin hadisədə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Sərxan Muxtarov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.






www.102info.az