Novruzda Azərbaycana gələcək turistlərə görə hotellərdə qiymətlər əl yandırır

Cəmiyyət

“Yanvar-fevral ayları ərəfəsində 225 min, martın ilk 15 gününü də nəzər alsaq, artıq 250 minə yaxın turist ölkəmizə gəlib. Novruz bayramı ərəfəsində bu say artıq 300 minə yaxınlaşacaq”.

Bunu Bakupost.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov Novruz bayramı ərəfəsində ölkədə turizmin vəziyyəti haqqında danışarkən deyib.

Bildirib ki, karantin qaydalarının yumşaldılması daha çox turistin gəlməsinə şərait yaradır:

“İaşə obyektlərində saat limitlərinin aradan qaldırılması vaxtında verilmiş qərardır və ölkəyə daha çox turist cəlbində müsbət rol oynayacaq”.

Ə.Qurbanov bayram ərəfəsində ölkədəki hotellərin qiymətlərinə də diqqət çəkib:

“Bayramlarda hotellərdə sıxlıq olduğu üçün qiymətlərdə artım müşahidə edirik. Hər zaman sahibkarlarla danışıqlar zamanı qeyd edirik ki, hotellərdə şişirdilmiş qiymətlərə yol vermək olmaz. Əsasən karantin dövrünün yumşaldılmış dönəmini yaşayırıqsa, şişirdilmiş qiymətlər yerli və xarici turistləri yalnız qaçıra bilər. Amma bunun da qarşısını almaq üçün real rəqabət mühiti olmalı və hotellərin sayı artırılmalıdır. Nəinki beş ulduzlu, hətta üç, iki, bir ulduzlu hotellərin, hostellərin, qonaq evlərinin sayı nə qədər çox olarsa, turistlər də öz istəklərinə, büdcələrinə uyğun hoteli seçib yaxşı istirahət edə bilərlər”.

Ekspert ölkəyə gələn turistlərin statistikasını da açıqlayıb:

“Yanvar-fevral ayları ərəfəsində 225 minə yaxın, hətta bir az daha artıq turist ölkəmizə gəlib. Düşünürəm ki, martın ilk 15 gününü də nəzər alsaq, artıq 250 minə yaxın turist ölkəmizə gəlib. Novruz bayramı ərəfəsində, düşünürəm ki, bu say artıq 300 minə yaxınlaşacaq. Biz 2019-cu ildə 3 milyondan artıq turist qəbul etmişdik. Əgər pandemiya olmasaydı biz bu sayı hətta 2-3 dəfə artırmağı planlayırdıq. Bu ilin ilk rübünə baxsaq artıq, turistlərin ölkəyə gəlmə tempi artmaqdadır. Daha çox turist istəyiriksə, quru sərhədlərinin açılmasına nail olmalıyıq”.

Ə. Qurbanov turist axınını təmin etmək üçün ölkəyə giriş-çıxış şərtlərinin yumşaldılmasını tövsiyə edib:

“Azərbaycan Turizm Assosiasiyası olaraq tövsiyə edirik ki, ölkəyə giriş-çıxış şərtlərini bir az daha yumşaltsınlar. Hazırda ölkəyə girişdə həm “COVID pasportu”, həm PCR testi tələb olunur. Bunun ikisindən biri olarsa, düşünürəm ki, daha çox turist axını olar.

Yay aylarında sərhədlər açılarsa, ölkəyə turist axını daha da sürətlənəcək və turizmdə daha da canlanma yaşanacaq”.

Daha sonra Yerli turistlərdən danışan Ə.Qurbanov bunları əlavə edib:

“Xarici turistlərdən əlavə yerli turistlər də rayonlara səfər edir. Qiymətlər müəyyən dərəcədə onlar üçün qənaətbəxş olmur. Amma bu il bayram ərəfəsində hotellərin maksimum dolması onu deməyə əsas verir ki, daxili turizm daha çox canlanır. Hazırkı vəziyyətdə 80-dən artıq ölkə ilə sərhədlərin açıq olmasına baxmayaraq, çox sevindirici haldır ki, yerli turistlərimiz ölkəmizdə istirahəti daha vacib sayırlar”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.