Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.

Cəmiyyət

Bildiyimiz kimi cari ilin 19 fevralında Prezident seçkilərindən sonra Prezident cənab İlham Əliyevin ilk rəsmi səfər etdiyi ölkə qardaş Türkiyə olmuşdur. Türkiyə bu gün  regionda deyil,  dünya miqyasında söz sahibidir. Demək olar ki, təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir.

2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etdi və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. İkinci Qarabağ müharibəsindən sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. İkinci Qarabağ savaşının nəticəsi olaraq regionda yaranmış yeni geopolitik durum tarixi köklərə dayanan qardaşlıq münasibətlərinin yeni perspektivlərini açıb. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ müharibəsi və ondan sonra keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq formalaşır.

Liderlərin iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin və Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair “Anlaşma Memorandumu”nun imzalanması Türk dünyasının daha da inkişafı üçün mühüm hadisə olacağı şübhəsizdir və mütərəqqi bir addımdır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, adıçəkilən universitetin yaradılması adicə bir təhsil məsələsi deyil, birliyimizin növbəti rəmzidir. Bununla yanaşı, birgə mətbuat konfransında səsləndirilən fikirlər xüsusi məqamlarla yadda qaldı. Türkiyə-Azərbaycan birliyinin təkcə region üçün deyil, Avrasiya üçün önəmli amilə çevrildiyini bildirən dövlətimizin başçısı qardaş ölkənin bölgədə sülhün təminatçısı olduğunu bəyan etdi. Dövlət başçısı  növbəti dəfə açıq şəkildə bildirdi ki, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən antiterror tədbirlərindən sonra uzun müddət ölkəmizin ərazisində kök salan separatçı rejim tam zərərsizləşdirildi və bundan sonra Azərbaycanda belə qüvvələrə heç vaxt yer olmayacaq. Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən Prezident İlham Əliyev həmin toplantıda müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin onun xüsusi dəvəti ilə iştirak edəcəyini bildirməklə türk xalqlarının birliyinə və güclənməsinə növbəti dəfə təkan vermiş oldu.  Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu, həm də İkinci Qarabağ savaşından sonra Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsindən yaranmış siyasi situasiyadır. Azərbaycan lideri bu vəziyyətdə ölkəmizin Türk dünyasının birliyi üçün aparılan prosesdə dominantlığını təmin edir. Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanmasının təkcə bölgə üçün deyil, eyni zamanda dünyada sabitlik üçün yeni bir ümid mənbəyi olacağını və bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət etdiyini bildirməklə Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin dünya insanlığı və sülh üçün nə qədər önəm kəsb etdiyini növbəti dəfə sübut etdi. Dövlətimizin başçısının tarixi qardaşlıq ənənəsinə uyğun olaraq prezident kimi Türkiyə Cümhuriyyətinə ilk səfəri gözlənildiyi kimi uğurlu nəticələrlə yadda qaldı. Səfər zamanı iki qardaş ölkə başçısının səsləndirdikləri mesajlar bir daha təsdiq etdi ki, Azərbaycan-Türkiyə müttəfiqliyinin inkişafı sarsılmaz xarakter alıb. Bugünkü reallıq həm də onunla xüsusi əhəmiyyət kəsb edir ki, liderlərin dostluğu Türkiyə-Azərbaycan qardaşlığı ilə vəhdətdə müasir dünya siyasi düzənində hər kəsin hesablaşacağı vahid gücə çevrilib.

Arzu Daşpoladova,

  Salyan şəhər 7 saylı məktəb-liseyin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir