Zəfər seçkilərindən sonra ilk qardaşlıq səfəri!

Cəmiyyət

Bu gün Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi nəticəsində çağdaş dünyada çox əhəmiyyətli güc mərkəzinin formalaşması prosesi gedir ki, Azərbaycan və Türkiyə bu güc mərkəzinin bazasını təşkil edərək prosesə öz töhfələrini verirlər. Məhz belə məqamda Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi təbii haldır. Bu, iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisi olmaqla yanaşı, həmçinin dostluq, qardaşlıq münasibətlərinin strateji mahiyyət kəsb etdiyinin göstəricisidir. Həmin görüşlər zamanı Azərbaycan və Türkiyə Prezidentlərinin verdiyi mesajlar türk dövlətlərinin TDT çərçivısində sıx birliyinin möhkəmlənəcəyindən, bu təşkilatın önəminin, miqyasının və rolunun dünyada yüksələcəyindən xəbər verir.

Ötən əsrin 70-80-ci illərində türkdilli ölkələrin nə zamansa müstəqil olacaqlarını heç kim ağlına gətirmirdi. Hətta müstəqillik ideyasını kimsə ciddi qəbul edə bilməzdi. Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır. Bu gün isə geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Hətta Türk Dövlətlər Təşkilatının hədəfləri böyük bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir. Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji maraqlarımıza uyğundur və biz bu proseslərə ən azından hazırlıqlı olmalıyıq. Dünyanın belə qaynar çağında yeni güc mərkəzi formalaşır və çox müsbət haldır ki, bu güç mərkəzi heç bir topluma, ölkəyə qarşı çevrilmiş ittifaq deyil. Türkiyənin və Azərbaycanın böyük dəstəyi ilə formalaşan bu birlik inkişafa, sabitliyə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığın dərinləşməsinə hədəflənir.

İkinci Qarabağ müharibəsində ölkəmizə mənəvi dəstək olmuş qardaş Türkiyə postmüharibə mərhələsində də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə dövlətlərarası gələcək iş birliyinin istiqamətini göstərir. Cənab Prezident bildirib ki, “Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq: “Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”.

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsidir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz mövcud münasibətlərin əsasını təşkil edir. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Çağdaş dünyamızda türkdilli dövlətlər arasında əməkdaşlıq daha güclənib və yeni, düşünülmüş, praqmatik mərhələsinə start verilib. Yeni bir dövrə qədəm qoyan Azərbaycan beynəlxalq təşkilatlarla, eləcə də, Türk Dövlətləri Təşkilatı ilə sıx əməkdaşlığa malikdir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu və Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı da bu faktı vurğuladığını bildirib. Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib. Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik yaradır.

 

Pəri Zülfüqarova,

Salyan rayon Xıdırlı bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir