Azərbaycan-Türkiyə təhsil əlaqələri hər il yüksələn xətt üzrə artır.

Cəmiyyət

Dövlət başçısı cənab İlham Əliyev prezident seçkilərində qalib gəldikdən sonra ilk rəsmi səfərini məhz qardaş Türkiyə Cümhuriyyətinə etdi. Bu artıq uzun illərdir ki, qarşılıqlı olaraq bir ənənə halını alıb. Həm Türkiyə, həm də Azərbaycan rəsmiləri ilk rəsmi səfərlərini məhz bir-birlərinə edirlər. Görüşlər zamanı mediaya verilmiş məlumat nəticəsində gördük ki, Azərbaycan-Türkiyə münasibətləri günü-gündən inkişaf edir. İki ölkə arasında bütün sahələr üzrə münasibətlərin inkişaf etdirilməsi üçün aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyət mövcuddur.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı nəticə etibarı ilə türk dövlətləri arasında da əlaqələrin güclənməsini şərtləndirir. Digər türk dövlətləri də Azərbaycan-Türkiyə münasibətlərini nümunə götürərək qarşılıqlı əlaqələrin gücləndirilməsində maraqlıdırlar. Regionda təhlükəsizlik məsələlərinə də xüsusi önəm verilir. Bu istiqamətdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının həyata keçməsi ilə bağlı cənab Rəcəb Tayyib Ərdoğanın çox önəmli mesajları oldu. Xüsusilə də Münxen Təhlükəsizlik Konfransından sonra cənab Ərdoğanın verdiyi açıqlamalar və Ermənistana göndərdiyi mesajlar tək işğalçı dövlətə yox, eyni zamanda onların havadarları üçün də bir barmaq silkələmək kimi dəyərləndirilməlidir. Onlar mövcud reallıqları dəyərləndirərək doğru qərarlar verməlidirlər, əks təqdirdə Ermənistanı çətin vəziyyətə düşürə bilərlər. Həmçinin Qərbin, Ermənistanın havadarlarının oynadıqları, qurduqları planlar Azərbaycan-Türkiyə münasibətlərinin qarşılıqlı əlaqələrinin inkişaf etməsi fonunda məğlub olmağa məhkumdur.

Azərbaycan-Türkiyə təhsil əlaqələri hər il yüksələn xətt üzrə artır. Azərbaycan hələ sovet dönəmindən Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlamışdır. Lakin bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparılmış və müstəqil olmamışdır. Şübhəsiz ki, bu da iki qardaş xalqın milli maraqlarının təmin edilməsi istiqamətində çox mənfi hal olmuşdur. Amma müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa daha böyük önəm vermişdir. 1992-ci ilin 16-23 may tarixlərində Ankarada türk dövlətlərinin təhsil nazirlərinin toplantısı keçirilmiş və bu yığıncaqda təhsil sahəsindəki əməkdaşlıqdan, onun qarşısında duran problemlərdən bəhs edilmişdir. Belə ki, bu toplantıda qardaş dövlətlərin təhsil işində bir-birlərinə yaxından kömək etməsi, təhsil ocaqlarının qarşılıqlı təşkili, bu işlərdə qarşıda duran problemlər və bu problemlərin birgə aradan qaldırılması və s. məsələlər geniş müzakirə edilərək lazımi qərarlar verilmişdir.

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir. Son illərdə görülən işlərin nəticəsində Türkiyə tərəfinin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycan tərəfi ilə bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisasartırmaları istiqamətində, həmçinin Azərbaycan tərəfinin Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə  fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət haldır. Qeyd edək ki, Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkə ilə Azərbaycan arasında da ortaq ali təhsil müəssisəsi yaradılması çox mühüm hadisədir.

Hazırda Türkiyədə 35 min azərbaycanlı gənc ali təhsil alır. Digər tərəfdən isə Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri var, hətta bəyənnamə də imzalanıb, həmçinin Azərbaycan və Türkiyə arasında da kifayət qədər çoxistiqamətli müqavilələr var.   Xarici ölkə universitetlərinin olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Bu, eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə də şərait yaradacaqdır.

 Taleh Ibrahimov,

Salyan rayon Yuxarı Xalac-1 saylı kənd tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir