Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib

Cəmiyyət

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.
Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.
Azərbaycanlı əhalinin amansız soyqırımına dair çoxsaylı faktlar sübut edir ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin tələblərinin pozulmasıdır.

Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatıdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparıb. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.
Bütün bunların nəticəsidir ki, indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.

Qeyd etmək lazımdır ki, Ermənistan hərbi birləşmələri heç vaxt açıq döyüşlərdə hər hansı bir uğur qazanmayıblar. Onlar xain, məkrli niyyətlərini yaşayış məntəqələrimizi, dinc əhalini atəşə tutmaqla həyata keçirməyə çalışıblar. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində bunun bir daha şahidi olduq. Döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üz-üzə qalan düşmənin hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə Tərtər, Beyləqan şəhərlərini ağır artilleriyadan, qadağan olunmuş silahlardan atəşə tuturdular. Bunun nəticəsində də aralarında qocalar, uşaqlar və qadınlar da olmaqla 100-dək dinc sakin həyatını itirdi, mülki tikililərə və infrastruktura ciddi ziyan dəydi.
Otuz iki ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu faciə bizim qan yaddaşımıza yazılıb. Təsəlli yerimiz ondadır ki, 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan qələbələr sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Artıq üçrəngli Azərbaycan Bayrağı ölkənin bütün ərazilərində, o cümlədən Xocalıda dalğalanır. Zamanında separatçıların yuva qurduqları Xankəndini, əziz şəhərimiz Şuşanı və digər yurd yerlərimizi geri qaytarmışıq. Xocalı da azaddır, buradan da erməni faşistləri qovulub. Bu gün xalqımız Bakıdakı “Ana harayı” abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.

Allahverdi Piriyev,
Salyan rayon Ziyalılar Birliyinin sədri, Əməkdar Müəllim, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir