Xocalı faciəsinin şahidi: “Yaşadığımız ağrı-acıları qazandığımız tarixi Zəfərin sevinci əvəz edib” – FOTO

Cəmiyyət

Xocalıda doğulub və orada yaşayan Mehriban Əliyeva ermənilərin törətdikləri soyqırımında həyat yoldaşı ilə yanaşı, onlarca əzizini itirib, bu səbəbdən 6 övladını tənha böyütməyə məcbur olub. Xocalıda hər kəs bir-birinə qohum olduğu üçün oradakı şəhidlərin çoxu onun yaxınları idi. Qanlı faciədən 30 ildən çox vaxt keçsə də, baş verən hadisələr hər zaman onun yaddaşında vahiməli bir mənzərə canlandırır.

Ermənilərin Xocalıda törətdiyi müsibətləri, gördüyü dəhşətləri AZƏRTAC-la bölüşən M.Əliyeva qanlı fevral gecəsini belə xatırlayır: “Çətin coğrafi relyefdə yerləşən Xocalı hər tərəfdən dağlarla əhatə olunub. Əhalidə isə silah-sursatın olmaması rayona nəzarəti və müdafiəni çətinləşdirirdi. Ermənilər hücumdan əvvəl kəndin işığını, suyunu kəsmiş, bütün təchizatı kanallarını məhv etmişdilər. Fevralın 25-dən 26-a keçən gecə saat 23:00-dən başlayaraq düşmən xəbərsiz, qəfildən dörd tərəfdən Xocalıya hücum etdi. Xocalı sakinləri də əlacsız vəziyyətdə Kətik dağı istiqamətində getməyə başladılar. Dağın ətəyindən keçən Qarqar çayı dərin və gursulu idi. Fevral ayı olduğu üçün həmin gecə dəhşətli bir qış axşamı hökm sürürdü, qar yağırdı, göz gözü görmürdü. Evlərindən tələsik qaçmağa məcbur olan insanlar isə məcburiyyətdən ayaqyalın, başıaçıq Qarqar çayından keçib Kətik meşəsinə girdilər. Ermənilər bizi aldatmışdılar ki, Əsgəran istiqamətindən şərait yaradacaqlar, oradan təhlükəsiz keçə bilərik. Biz qarşımızdakı Qaraqayada ermənilərin mövqe tutduqlarını bilmirdik. Erməni cəlladları dediklərinin əksinə olaraq Əsgəran qalasının yanında Xocalı sakinlərinin qarşısını kəsib onları vəhşicəsinə qətlə yetirdilər, sonra torpağı qazıb yaralıları və sağ qalanları diri-diri basdırdılar”.

 

Mehriban xala bildirir ki, 613 nəfər şəhiddən əlavə, xeyli itkinləri də olub. “Ermənilər o qədər qəddar millətdir ki, insanların gözlərini çıxarır, uşaqları, qocaları, qadınları, xəstələri qəddarcasına öldürürdülər. Hətta insanları diri-diri doğrayırdılar. Onlar azərbaycanlılara qarşı dünyada misli görünməmiş soyqırımı törətdilər.

Ermənilər Xocalını yandırmaqla rahatlaşmadı, rayonu qarət də etdilər. Düşmən meyitlərə işgəncələr verib, onların qulaqlarını kəsib, gözlərini çıxarırdı, dərilərini soyurdu”, – deyə o əlavə edib.

M.Əliyeva artıq Xocalının işğaldan azad olunduğunu, orada Azərbaycanın Dövlət Bayrağının dalğalandığını qürurla seyr etdiyini vurğulayaraq qeyd edib: “Biz 30 il ərzində ümidimizi itirmədik və Xocalının azad olunacağına inandıq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna güvəndik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub, 30 illik həsrət sona çatıb. Yaşadığımız ağrı-acıları artıq qazandığımız tarixi Zəfərin sevinci əvəz edib. Bu gün sevinc içərisindəyik, çünki torpaqlarımızın işğaldan azad edilməsi ilə bərabər, həm də qürurumuz bərpa olundu, haqq-ədalət yerini tapdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir