1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Bununla xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirilib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
1920-ci ilin 28 aprelində bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Şimali Azərbaycanda sovet sosialist respublikası yaradıldı. 70 illik müstəmləkəçilikdən sonra, 1990-cı illərdə SSRİ-nin dağılması və xalqımızın milli-azadlıq hərəkatı nəticəsində Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Daha dəqiq desək, 1991-ci ilin dekabrında Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edərək, müstəqiliyini yenidən bərpa etdi.
Lakin müstəqilliyimizin ilk illərində respublikaya rəhbərlik edənlərin, xüsusilə AXC-Müsavat hakimiyyətinin naşılığı, səriştəsizliyi, yarıtmazlığı nəticəsində xalqımız yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən respublika rəhbərliyinə qayıtdı. Heydər Əliyev parçalanmaq təhlükəsizliyi ilə qarşı-qarşıya qalan Azərbaycanın sınağa çəkildiyi o çətin anlarda öz xilaskarlıq missiyasını həyata keçirdi.
Ümummilli lider xalqı və ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas etdi, milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi üçün respublikada milli birlik və həmrəyliyə nail olmaq üçün mühüm addımlar atdı. Bir sözlə, Heydər Əliyevin gəlişi ilə ölkədəki hakimiyyətsizlik aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi.
Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin nailiyyətləri Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı təməllər üzərində qazanılır: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Əmin ola bilərsiniz ki, bu dövlət müstəqilliyi etibarlı əllərdədir”.
Ulu öndərin həmin əminliyini Prezident İlham Əliyev ən kiçik detallarına qədər günün reallığına çevirdi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası sayəsində son iyirmi bir ildə Azərbaycanda siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edildi. Dövlətimizin beynəlxalq arenada mövqeyi daha da gücləndi, respublikamız regionda baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkə statusu qazandı.
Prezident İlham Əliyev 2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbuldakı nitqində demişdir: “Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”.
Artıq xalqımız “Müstəqillik günü” bayramını tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu əziz bayram erməni işğalından azad edilən ərazilərdə də keçirilir. Üçrəngli bayraq doğma torpaqlarda – Şuşada, Laçında, Ağdamda, Füzulidə, Zəngilanda qürurla dalğalanır. Bu, Azərbaycan xalqının böyük tarixi qələbəsidir.
Bir sözlə, müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaq.
Ülviyyə Mirzəyeva,
Salyan rayon Xurşud kənd ümumi orta məktəbin direktoru