Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçimiz DƏFN OLUNDU

Cəmiyyət

Ötən gün bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 22 yaşlı Elvin Daşdəmir oğlu Eyvazovun cənazəsi doğulduğu Xaçmaz rayonunun Köhnə Xudat kəndindəki ata evinə aparılıb.

Bizim.media xəbər verir ki, vida mərasimində ailə üzvləri, sakinlər, ictimaiyyət nümayəndələri, Xaçmaz İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin məsul şəxsləri, qulluq etdiyi hərbi hissənin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Sonra onun cənazəsi Köhnə Xudat kənd məzarlığına aparılıb.

Hərbi hissənin nümayəndəsi Elvin Eyvazovun Vətən müharibəsində Suqovuşan istiqamətində vuruşduğunu, 2022-ci ilin sentyabrında düşmən təxribatının qarşısının alınmasında və 2023-cü ilin sentyabrında antiterror tədbirlərində iştirak etdiyini deyib.

Elvinin atası Daşdəmir Eyvazov oğlunun Vətən müharibəsində və digər əməliyyatlarda iştirak etdiyindən qürur duyduğunu söyləyib. Ata onun evə sonuncu dəfə bazar günü, mayın 26-da gəldiyini söyləyib.

Elvin Eyvazov Vətən müharibəsində igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Elvin Eyvazov subay idi, onun bir qardaşı var.

Hərbi qulluqçu Elvin Eyvazovun ölüm faktı ilə bağlı Hərbi Prokurorluqda araşdırma başlanılıb.

Ona şəhid statusunun verilib-verilməyəcəyi istintaqın sonunda məlum olacaq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir