Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir

Cəmiyyət

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə nəzər salsaq, əlaqələrin son bir neçə ildə daha da möhkəmləndiyini görmək olar. Prezident İlham Əliyev Azərbaycana rəhbərliyi dövründə Mərkəzi Asiya regionu ilə münasibətlərin inkişaf etdirilməsini vacib amil hesab etmişdir. Buna müvafiq olaraq 20 il ərzində ölkə rəsmilərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, həyata keçirilən layihələr də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqələrini göstərir. Son illərdə daha da inkişaf etmiş Azərbaycan-Tacikistan uğurlu əlaqələri də bu siyasətin nəticəsidir. 

Azərbaycan ilə Tacikistan arasındakı münasibətlərin tarixi çox qədimdir. Tacikistanda Azərbaycan diasporu fəaliyyət göstərir. Azərbaycanlıların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrlərdə də Azərbaycan və Tacikistan arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır.

Keçmiş ittifaq dağıldıqdan sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulmuşdur. Azərbaycan ilə Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur. 2 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının  Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində səfirliyi təsis edilmişdir. 2007-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır.

Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Bu münasibətlər dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü açıq şəkildə göstərir. Prezident İlham Əliyev indiyədək Tacikistana altı dəfə səfər edib. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər sıx birləşdirir. Azərbaycan və Tacikistan arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

Mayın 22-də Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə növbəti səfəri ölkələrimiz arasında münasibətlərin sürətli inkişafının göstəricisidir. Azərbaycanı etibarlı dostu və tərəfdaşı hesab edən Tacikistan Prezidenti ölkələrimizi zamanın sınağından çıxmış münasibətlərin birləşdirdiyini qeyd edib. Prezident İlham Əliyev səfər çərçivəsində Emoməli Rəhmonu bu il ölkəmizdə baş tutacaq COP29-a dəvət edib. Daha sonra prezidentlər Strateji Tərəfdaşlıq Bəyannaməsi də daxil olmaqla ümumilikdə 14 sənəd imzalayıblar. Həmçinin ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasını möhkəmləndirən bu sənədlərdən əlavə, Tacikistan Prezidentinin səfəri ərəfəsində ölkəmizdə biznes forum keçirilməsi və forumda anlaşma memorandumlarının imzalanması qarşılıqlı ticarətin həcmini artırmağa xidmət edir.

Budəfəki səfər çərçivəsində əsas məqam Azərbaycan ilə Tacikistan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsidir. Bunların arasında əməkdaşlıq, beynəlxalq aləmdə birgə fəaliyyət, iqtisadi-humanitar sahədə öz əksini tapır. İki ölkə arasında iqtisadi-ticari sahədə əməkdaşlıq perspektivləri olduqca genişdir. 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. Ötən ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub. 2022-ci ildə SOCAR tərəfindən Tacikistana 0,3 min ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac edilib. 2023-cü il mayın 1-dən “Azərbaycan Hava Yolları” QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə 3 dəfə olmaqla beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulur. Təkcə bu ilin ilk 4 ayı ərzində isə iki ölkə arasında ticarət dövriyyəsi 78 faiz artıb. Həmçinin Tacikistan neft kəmərlərinin emalında müəyyən təcrübəyə malikdir. Azərbaycanın iqtisadi yatırım sahəsində olan potensialı Tacikistan üçün olduqca vacibdir. Tacikistanda 500 yatırım layihəsi mövcuddur ki, ölkəmiz bu təcrübədən istifadə etmək niyyətindədir. Həmçinin Tacikistan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) aktiv şəkildə istifadə edir. Ötən il ərzində bu dəhliz üzrə daşınan yüklərin həcmində 86 faiz artım qeydə alınıb. Bu ilin 4 ayında isə yükdaşımaların həcmi 70 faiz artıb.

Son il ərzində Tacikistandan Bakıya orta hesabla 2000 turist gəlib. Pandemiya dövründən əvvəl isə bu say 3500 olub. Tacikistan prezidenti Emoməli Rəhmonun ötən gün ölkəmizə səfəri çərçivəsində turizm sahəsində imzalanan müqavilə faktiki olaraq ölkələr üçün yol xəritəsi hesab olunur. Bundan əlavə, mayın 20-də Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda da iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub.

Ölkələrimiz həm də nəqliyyat, infrastruktur baxımından geniş imkanlara malikdir. Bu gün Azərbaycan istər türk dövlətləri, istərsə də Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmağa, Azərbaycan ilə Mərkəzi Asiya regionu arasında əməkdaşlığı möhkəmləndirməyə xidmət edəcək. Bu istiqamətdə Azərbaycan və Tacikistan arasında artan etimad əlaqələrin inkişaf etməsinə, mövcud tərəfdaşlıq imkanlarının gələcəkdə daha da güclənməsinə zəmin yaradacaq.

Səlimağa Səlimli,

Azərbaycan Respublikasının Əməkdar Müəllimi,YAP fəalı

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir