Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin növbəti uğurlarından biridir

Cəmiyyət

Ölkə Prezidenti cənab İlham Əliyev bu il aprelin 26-da Almaniyanın paytaxtı Berlində “Euronews” telekanalına verdiyi müsahibəsində qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərdə Azərbaycanın prinsipial mövqeyini bir daha ifadə etmişdir. Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29-un gündəliyi hazırda dünyada ən çox müzakirə olunan mövzulardandır. Məsələ bundadır ki, iqlim dəyişikliyi ilə bağlı problemlər sadəcə ayrılıqda götürülmüş bir ölkə və ya region üçün deyil, bütün planetimiz üçün ciddi təhdidlər yaradır. Bu qlobal problemin həlli yolları da yalnız bütün dünya ölkələrinin birgə səyləri nəticəsində tapıla bilər.

Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olması faktı bir çoxlarında ölkəmizin COP29-a ev sahibliyi etməsinin məqsədəuyğunluğu ilə bağlı şübhələr yaratmışdı. Cənab Prezident İlham Əliyev bu məsələlərdə dövlətimizin qəti mövqeyini bir daha ortaya qoyaraq həmin yanaşmanın kökündən səhv olduğunu sübut etdi. Həm “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində etdiyi çıxışında, həm də öz müsahibəsində cənab Prezident birmənalı olaraq bildirdi ki, məhz qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçid və qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə məsələlərində öndə getməlidirlər və bu ölkələr ilk növbədə öz sərvətlərini ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutulan hədəflərə necə yönəltmələrinə görə dəyərləndirilməlidirlər.

Cənab Prezidentin müsahibə  zamanı vurğuladığı məsələlərdən biri də, qlobal əhəmiyyətə malik məsələlərin tədbirdə müzakirə ediləcək əsas istiqamətlərdən biri olacağı ilə əlaqədardır. O xüsusilə iqlim dəyişikliyi  probleminin öhdəsindən gəlmək üçün həmrəyliyin, ortaq məsuliyyətin vacibliyinə diqqət çəkmiş, təbii sərvətləri olan ölkələri mühakimə etmək əvəzinə bu ölkələrin imkanlarından və maliyyə potensialından istifadə edərək məsələnin həllində daha mühim addımlar atmağın vacibliyini qeyd etmişdir. Eyni zamanda Azərbaycanın OPEK+ üzvü olan ölkə kimi bu işdə öz töhfəsini verməyə hər zaman hazır olduğunu bildirmiş, yaşıl dünyaya doğru əlavə və davamlı konkret addımlar atmağın bu böyük tədbirdən vacib miras olaraq qalacağını vurğulamışdır.

Qeyd edək ki, Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması  hər zaman xüsusi diqqət mərkəzində olmuşdur. Ötən dövr ərzində bu istiqamətdə dövlətimizin başçısı tərəfindən dövlət proqramları təsdiq edilmiş,  müvafiq fərman və sərəncamlar imzalanmışdır. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır və hər zaman bu qlobal əhəmiyyətli məsələ ilə bağlı ən yüksək səviyyədə  təmsil olunaraq öz töhfələrini verməyə çalışır.

Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan  öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq layihələr təklif edir. Ölkəmiz eyni zamanda regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Təbii ehtiyyatlarla yanaşı Azərbaycanın alternativ enerji potensialı da yüksək dəyərləndirilir. Xüsusilə son illərdə günəş və külək enerjisinin istehsalı sahəsindəki uğurlar bu istiqamətdə əldə olunan nailiyyətlərin ən gözəl sübutudur. Bu baxımdan COP29-un ölkəmizin “yaşıl enerji” siyasətinə verdiyi töhfələr  çox önəmli olacaq. Belə geniş miqyaslı tədbirin Azərbaycanda keçirilməsi  həm də çox əhəmiyyətli siyasi hadisədir və ölkəmizin dünyada artan nüfuzuna müsbət təsir göstərəcək.

Bir sözlə, əminliklə qeyd edə bilərik ki, ölkəmiz COP29 kimi mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq, ekoloji gündəliyə sadiqliyini bir daha nümayiş etdirəcək və bununla da dünya siyasətində fəal və konstruktiv  mövqeyini yenidən  sübuta yetirmiş olacaqdır.

Tural Kərimov,

Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin hüquqşünası, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir