Prezident İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək

Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri siyasi əhəmiyyəti və tarixi məqam nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir. Bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına, uğurlu perspektivinə ciddi töhfə verəcəyinə şübhə yoxdur. Qahirədə dövlət başçılarının görüşlərinin nəticəsi olaraq imzalanan sənədlər Azərbaycan və Misir arasında çoxspektrli əməkdaşlığın dərinləşdirilməsi üçün zəruri hüquqi bazanı daha da təkmilləşdirəcək, beynəlxalq platformalarda bundan sonra da onların vahid mövqedən çıxış etmələrinə möhkəm zəmin yaradacaq.

Aydın məsələdir ki, Azərbaycanın nəinki bölgənin, eləcə də Avropanın enerji təhlükəsizliyi sahəsində oynadığı önəmli rolu, transmilli nəqliyyat qovşağının üzərində yerləşməsi rəsmi Qahirənin diqqətindən yayınmır, onu xarici siyasət prioritetlərinə müəyyən korrektələrə sövq edir. Dünyanın “yaşıl enerjiyə” keçidlə bağlı çağırışlarına Bakının fəal şəkildə qoşulduğu indiki məqamda Misirin Azərbaycanla ikitərəfli münasibətləri nəzərdən keçirmək, Azərbaycanın müəllifi və iştirakçısı olduğu qlobal layihələrə qoşulmaq istəyi təbii qəbul olunmalıdır. Misirin belə bir istəyi ölkəmiz üçün də maraq kəsb edir. İnanırıq ki, ikitərəfli əməkdaşlığın yeni müstəvidə inkişafının nəticəsi olaraq, rəsmi Qahirə Azərbaycan–Ermənistan münasibətlərinə yanaşmada neytral mövqeyini ölkəmizə dəstək mövqeyi ilə əvəzləyəcək. Rəsmi Bakının hədəfində olan bu məsələ ciddi xarakter daşıyır və cənab Prezidentin Qahirə səfəri bu yöndə uğurlu perspektivdən xəbər verir.

Qeyd edək ki, 2023-cü il yanvarın 27-28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri özünün geniş proqramı ilə yaddaqalan olub. Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq üzrə sənədlər imzalanıb. Mətbuata bəyanat zamanı Misir Prezidenti Əbdülfəttah əs-Sisi çıxışında deyib: “İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək. Ölkələrimiz arasında siyasi dialoqun hər iki xalqın mənafeyi naminə davam etdirilməsini istəyirik və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıyıq. Xalqlarımızın dini, tarixi yaxınlıqlarını nəzərə alaraq, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik”.

Misir Prezidentinin ilyarım bundan əvvəl Bakıda dediyi bu sözləri, əslində, Azərbaycan–Misir münasibətlərinin yeni müstəviyə keçdiyindən xəbər verirdi. Həmin səfərin yekunu olaraq sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev mətbuata verdiyi açıqlamasında Azərbaycan və Misir arasında məhz perspektivə hesablanmış uğurlu əməkdaşlığı nəzərdə tuturdu: “Misir bu gün yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır. Biz bunu çox təqdir edirik və əldə olunmuş nailiyyətlərlə öz dostlarımızı səmimiyyətlə təbrik edirik. Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz”.

Bu məqamlar bir daha göstərir ki, bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.

Məhəmməd Mehdiyev,

Salyan rayon Seyidan kənd ümumi orta məktəbin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir