Tarixi köklərə söykənən Azərbaycan-Misir əlaqələri yeni mərhələyə qədəm qoyub

Cəmiyyət

Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən xarici siyasət nəticəsində dövlətimiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Ən yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər isə ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. 

Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas vektorlardan biri də ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsidir. İslam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Ulu Öndər Heydər Əliyev iki ölkə arasında münasibətlərin inkişafına daim böyük önəm verirdi. Ümummilli Lider Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. 1994-cü ilin sentyabrında Ulu Öndər Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri zamanı Misir Prezidenti Hüsnü Mübarəklə görüşüb. Bu görüş Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib. İki ölkə arasında münasibətlərin gələcəyinin müəyyənləşdiyi bu səfərdən sonra Azərbaycan ilə Misir arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb. İki ölkə arasında əlaqələrin inkişafının nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyəti günləri keçirilib.

Bu gün həmin siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan-Misir əlaqələrinin inkişafına təkan verən növbəti səfər 2007-ci il mayın 6-8-də reallaşıb. Prezident İlham Əliyevin Misirə rəsmi səfəri zamanı Prezident Hüsnü Mübarəklə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, misirli iş adamlarının Azərbaycana sərmayə qoyulmasına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb.

2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda Ümummilli Lider Heydər Əliyevin abidəsinin və “Azərbaycan” küçəsinin açılışı olub. Abşeron rayonu ilə Qəlubiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sinay vilayəti və Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlar arasında da əməkdaşlıq üçün nümunə olub.

Ötən il yanvarın 27-28-də Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana rəsmi səfəri də yaddaqalan olub. Prezident İlham Əliyevlə geniş tərkibdə görüş başa çatdıqdan sonra iki ölkə arasında bir sıra sənədlər imzalanıb. İki ölkə beynəlxalq təşkilatlarda – BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Ölkələrimiz arasında ticari-iqtisadi məsələlər də gündəmdədir. Buraya əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi və sairə daxildir. Bu istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər var.

Bu baxımdan Prezident İlham Əliyevin iyunun 8-də Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək, münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə Prezident İlham Əliyev arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Həmçinin, iyunun 8-də Qahirədə prezidentlərin iştirakı ilə iki dost ölkə arasında müxtəlif sahələri əhatə edən daha 6 mühüm sənəd imzalanıb. Təbii ki, imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.

Göründüyü kimi, qüdrətli Azərbaycan dövləti qlobal proseslərin önəmli aktoruna çevrilib. Prezident İlham Əliyevin uğurlu siyasi xətti bu gün ölkəmizi qalib, ordumuzu müzəffər, xalqımızı firavan edib. Bunun nəticəsidir ki, dünya liderləri daim Azərbaycanla əməkdaşlığa meyillənir, onun gücündən, sahib olduğu prestijdən faydalanmağa çalışırlar.

 

Nəbi İbrahimov,

Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir