Azərbaycanlılar iki yerə ayrıldılar

Cəmiyyət

Kubra Məhərrəmova yazır…

Azərbaycanlılar yenə iki yerə ayrıldılar. Süleymaninin ölümündən bu tərəfə müşahidə olunan ikinci belə böyükmiqyaslı hadisədir. 

Bəzən mənə elə gəlir ki, xalq olaraq həmişə iki qrupa, iki dəstəyə, onlar və biz, düzlər və qeyri-düzlər və s. ayrılmağa yönümlüyük. 

Çünki ən bəsit və aydın görünən məsələlərdə belə ayrılmağı bacarırıq. Amma nə məsələdirsə, çoxluq baş verənlərdən asılı olmayaraq elə pisliyin, dəhşətin, ölümün tərəfini seçir. Bunu da hay-şivənlə edir. Çünki həqiqətin qışqırmağa ehtiyacı yoxdur. Həqiqət isə odur ki, Rusiyanın hərbi qüvvələri Ukraynada sivil insanları qətlə yetirir. 22 gündür ki, Ukraynada sivil insanların qətliamı davam edir. Yaşayış binaları raket atəşinə məruz qalır, insanlar bir aya yaxındır ki, zirzəmilərdə bombalardan qorunmağa çalışır. Bu gün üçün yüzlərlə uşağın ölümü qeydə alınıb. UŞAQ – hərbçi deyil, neonasist deyil, banderovçu deyil!

Mariupolda baş verənlər isə heç bir məntiqə sığmır. Bir neçə gün əvvəl Mariupolda doğum evi və uşaq xəstəxanası bombalandı. Dünən, martın 16-sı isə günortadan sonra Rusiya aviasiyası Mariupolun mərkəzindəki dram teatrına super güclü bomba atdı. Rəsmilərin və hərbçilərin bildirdiyinə görə, teatrda azyaşlı uşaqları olan çoxlu insan gizlənibmiş. Şiddətli döyüşlərin getdiyinə görə dağıdılmış teatrın ərazisində əməliyyat-axtarış tədbirləri görmək mümkünsüzdür. Qurbanların sayını da müəyyən etmək mümkün olmayıb. 

Bu iki hadisəni özündə əks etdirən yüzlərlə foto və video sosial şəbəkələrdə yayılıb. Amma bizim o biri dəstənin üzvləri deyir ki, bunlar hamısı yalandır, “fake”dir. 

Eynilə Rusiya hökumətinin işğal siyasətini dəstəkləyən rusiyalılar kimi. Qeyd edim ki, Rusiya aparılan sosial sorğuya əsasən isə əhalinin 70 faizi Ukraynada aparılan “xüsusi hərbi əməliyyatları” dəstəkləyir.

Açığı bu dəqiqə məni Rusiya xalqının əksəriyyətinin və ya azlığının nə düşünməsi maraqlandırmır. Məni öz xalqımın nümayəndələri maraqlandırır. 

Bir daha altını cızıram, Bakıda da, Azərbaycanın bir sıra bölgələrində də Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləyən xeyli sayda insan var. 

Tanınmış yazıçı, jurnalist, biznesmendən tutmuş, xəngəl bişirən xalaya qədər. 

Tutalım kimsə Kremldən tezis alır, pul alır, ağlına və ağzına gələni yazır. Yaxşı, bəs xəngəl bişirən xala niyə belə düşünsün? 
Başa düşürəm şəxsi biznes maraqları, pul, malikanə, komfort, onlar üçün vacibdir, bəs kişilik? Bəs insanlıq? Bəs qadınlıq? Özünə “intellektual kütlə” deməklə deyil axı? 

İki kitab satışı, beş “like” üçün şərəfsizlik etmək olarmı? 

Yəqin onlar üçün olar. Ucuz adamların qiymətini də görmüş olduq. Televiziya kanalları üçün sinələrinə taxdıqları bayrağı da, etdiklərini də. Çünki sinəsinin üstündə Azərbaycan bayrağını daşıyan adamın şərəfi üç qəpiklik ola bilməz. 

Azərbaycan bayrağını ürəyində, beynində daşıyan adamlar isə müharibənin nə olduğunu bilir. Gəncənin, Bərdənin, Tərtərin raket və bomba atəşinə tutulduğunu bilir. O hücumlar nəticəsində uşaq və qadınların ölümünün nə olduğunu bilir. Bildiyi üçün də bu gün Ukraynanın tərəfindədir. Ukraynada məhv olunan uşaqların, qadınların, sivillərin tərəfindədir. 

Deməli məntiqlə belə çıxır ki, bu gün Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləyənlər, Vətən müharibəsində də gizli, ya da aşkar erməniləri dəstəkləyib. 

Bu da bizim üçün növbəti nəticə olsun. Dostumuzu-düşmənimizi tanıyaq. 

Sonda isə Ukraynada yaşayan azərbaycanlılara bir daha əsl insan olduqları üçün təşəkkür etmək istəyirəm. Çünki bu 22 gün ərzində öz malını Ukrayna xalqına paylayan da oldu, silahı götürüb döyüşən də. Çörək paylayarkən Rusiya ordusunun atəşinə məruz qalanlar da oldu, həyatlarını itirənlər də. Amma şərəflərini itirmədilər. 

Onsuz da bu dünyanın sonu ölümdür, şərəfli yaşamaq isə hər adamın işi deyil! 

Eşq olsun Ukraynaya! Eşq olsun Qəhrəmanlara!

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.