Olimpiya Oyunlarında yüksək nəticələrin qazanılması bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir

Cəmiyyət

\Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün həm də dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmana göstərilən qayğı qazanılan uğurlarda özünü büruzə verir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərib. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazan-malarında mühüm rol oynayır.

Əlbəttə, ölkəmizdə bir çox mötəbər idman tədbirlərinin keçirilməsi, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında yüksək nəticələrin qazanılması bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ölkəmiz birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına və bir çox digər beynəlxalq yarışlara ev sahibliyi edib. Bu idman yarışlarında qazanılan nailiyyətlər göstərdi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir.

Əlbəttə, yüksək nailiyyətlər qazanılan yarışlar içərisində ən nüfuzlusu isə dünyanın məşhur və 4 ildən bir keçirilən kütləvi idman müsabiqəsi – Yay Olimpiya Oyunlarıdır. Dünyada müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən Olimpiya Oyunları ən mötəbər beynəlxalq tədbir kimi maraqla izlənilir. Azərbaycanda Olimpiya hərəkatının inkişafı birbaşa Prezident İlham Əliyevlə bağlıdır. Çünki məhz İlham Əliyevin Azərbaycanda Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən sonra idman sahəsinə diqqət və qayğı artaraq ən yüksək səviyyəyə çatdı. Azərbaycan idmançılarının dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında əldə etdikləri zəfərlər də bunu təsdiqləyən reallıqdır.

Bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız bir daha ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu yüksək nəticə kimi qiymətləndirilir.

Avqustun 14-də dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən ölkəmizdə  idmanın inkişafı istiqamətində atılan addımlara və uğurlu nəticələrə bir daha toxunaraq bildirdi ki, Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son oyunlarda da Azərbaycanın güclü idman dövləti olduğunu bir daha göstərdi. Dövlət başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini deyərək qeyd etdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan Prezident dedi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi.

Təbii ki, qazanılan uğurlar hər bir idmançıya növbəti beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün həm motivasiya verir, həm də onların üzərinə böyük məsuliyyət qoyur. Ona görə də idmançılarımız Prezidentin etimadını davamlı şəkildə doğrultmaq üçün daha çox çalışmalıdırlar. Dövlət başçısı da idmançılarımıza bunu tövsiyə edərək dedi ki,  bu nailiyyətlər eyni zamanda medal qazanmış idmançıların məsuliyyətini artırır: “Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir”.

Əminliklə deyə bilərik ki, Prezidentin tövsiyə və tapşırıqları idmançılarımıza növbəti yarışlara daha yüksək səviyyədə hazırlaşmaları üçün müsbət impuls verəcək və məsuliyyət hisslərini daha da artıracaq.

Bilal Ələkbərov,

Salyan Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru, YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir