Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq dünya xalqları ilə, o cümlədən də şimal qonşumuz Rusiya Federasiyası ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali məqsəd kimi müəyyən edib. Ötən dövrdə Bakı və Moskva arasında münasibətlər hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulub və uğurla inkişaf edib.
Hazırkı dövrdə Prezident İlham Əliyevin dəvəti ilə Vladimir Putinin ölkəmizə dövlət səfəri Azərbaycan-Rusiya münasibətləri üçün tam yeni mərhələ deməkdir. Dövlət başçımızın ifadə etdiyi kimi, bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik və Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq. Ulu Öndər Heydər Əliyev hələ 22 sentyabr 1993-cü ildə Ali Sovetdə gənclərin nümayəndələri ilə görüşdə qəti bir tezis irəli sürmüşdü ki, Azərbaycanın Rusiya ilə əlaqələri yüksək səviyyədə olmalıdır. Dahi lider ölkələrimiz arasında dərin siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrə əsaslanaraq, şimal qonşumuzla münasibətlərin daha da yaxşılaşdırılması üçün heç bir maneə görmür, əksinə XIX və XX əsrlərdə Azərbaycanın inkişafının Rusiya ilə birbaşa bağlı olması, Avropa elmi və mədəniyyətinin ölkəmizə Rusiya vasitəsilə gəlməsi kimi amilləri iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi üçün mühüm elementlər kimi qiymətləndirirdi.
Ulu Öndərin siyasi irsi bu gün Azərbaycanın inkişaf strategiyasının nüvəsini təşkil edir, o cümlədən xarici siyasət kursu üzrə dövlətçiliyin varisliyi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Rusiya siyasəti ötən dövr ərzində yeni mərhələyə qalxaraq, əlaqələrimiz “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” 22 fevral 2022-ci il tarixli Bəyannamə ilə özünün ən uğurlu dönəminə qədəm qoyub. Məhz bu sənədin qəbulu ilə iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında müttəfiqlik dövrü başlandı.
Ümumiyyətlə, Azərbaycan üçün Rusiyanın dünya siyasətində yeri çox aydındır. Cənab İlham Əliyevin bir neçə ay öncə Moskvada Prezident Vladimir Putinlə təkbətək görüşü zamanı ifadə etdiyi kimi, Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir və bizim əməkdaşlıq və qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Dövlət səfəri çərçivəsində prezidentlərin birgə bəyanatı zamanı cənab İlham Əliyevin də ifadə etdiyi kimi, “Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərirlər”.
Bir sözlə, Azərbaycan müttəfiqlik münasibətində olduğu Rusiya ilə regionda gedən proseslərlə bağlı mütəmadi təmasları əhəmiyyətli hesab edir. Bakı bu səfərin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin, o cümlədən ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığı qənaətindədir. Bu gedişat, əslində, ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsi deməkdir.
Göründüyü kimi, iki ölkə arasındakı çoxtərəfli əməkdaşlıq inkişaf edərək daha da dərinləşir. Bu da dostluq münasibətlərinin və müttəfiqliyin ruhuna uyğundur. Əminliklə demək olar ki, İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcək. Bir sözlə, Vladimir Putinin ölkəmizə dövlət səfəri, İlham Əliyevlə aparılan danışıqlar, əldə olunan yeni razılaşmalar, imzalanan yeni sənədlər onu deməyə əsas verir ki, Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf dövrünü yaşayır.
Elvin Dadaşlı,
Salyan rayon Arxarası kənd ümumi orta məktəbin direktoru, YAP fəalı