Rusiya tətbiq edilən sanksiyalar Azərbaycana necə təsir edəcək? – EKSPERTDƏN AÇIQLAMA

Cəmiyyət

İqtisadçı ekspert Xalid Kərimli Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların Azərbaycana necə təsir edəcəyi barədə Media.Az-a danışıb:

“Rusiya Azərbaycan üçün qeyri-neft məhsullarının ən böyük idxalçısıdır (33 %). Kənd təsərrüfatı məhsullarımızın, meyvə-tərəvəzimizin ixracı üçün Rusiya əsas bazardır. Sanksiyaların təsiri altında Rusiya rublu əhəmiyyətli dərəcədə aşağı düşür, ardınca çox insan işini itirir və bu, onların ödəmə qabiliyyətinə təsir edir. Bu şübhəsiz ki, satış bazarımızın daralmasına gətirib çıxaracaq. Bundan başqa, Rusiya milli valyutasının dəyər itirməsi səbəbindən Azərbaycan fermerləri daha əvvəlki qiymətlərlə məhsul sata bilməyəcəklər”.

Ekspert bildirib ki, digər mühüm məqam Rusiyada yaşayan və işləyən soydaşlarımızın hər il Azərbaycandakı ailələrinə yüz milyonlarla dollar pul göndərmələridir:

“Bu, ölkəmizə daxil olan bütün pul köçürmələrinin yarısından çoxdur. Azərbaycanlılar elektron ödənişlərlə yanaşı, ölkəyə nağd pul da gətirirdilər. Təbii ki, bu məbləğlər kəskin şəkildə azalacaq. Təsəvvür edin, Azərbaycanın bütün bölgələrində bu qəbildən nə qədər ailə var”.

O, ölkəmiz üçün mənfi nəticələrin minimuma necə endirilməsi barədə də fikir bildirib:

“İqtisadiyyatımız Rusiyaya ixracla çox sıx bağlı olduğundan, qısa müddətdə bu itkiləri heç bir şəkildə ödəyə bilməyəcəyik. Fermerləri dəstəkləmək üçün hökumət sosial layihələrə əl ata bilər, amma bu da dövlət büdcəsinə əlavə yük gətirəcək”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir